Azərbaycanda Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi yaradılıb

Azərbaycanda Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi yaradılıb
# 03 may 2013 09:14 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi (MQS) yaradılıb.

APA-Economics”in xəbərinə görə, Bu barədə ƏMDK sədri Kərəm Həsənov “Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları” mövzusunda elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, beynəlxalq qurumlarla birgə layihələr əsasında formalaşdırılan bu sistem əmlak bazarlarının dəstəklənməsi, mülkiyyət hüquqlarının qorunmasının təmin edilməsi tələblərinə cavab verir: “Modern əmlak idarəçiliyinin qurulması istiqamətində ölkə ərazisində daşınmaz əmlaklara dair elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri yaradılır. Müasir tələblərə uyğun məkan məlumatları infrastrukturunun yaradılması istiqamətində işlərə başlanılıb”.

Komitə sədri ölkədə səmərəli əmlak idarəçiliyini dəstəkləyən Ünvan Reyestri sisteminin yaradıldığını da bildirib: “Artıq yeni qaydalar üzrə ünvanların verilməsi və ünvan lövhələrinin quraşdırılmasına başlanılıb. Eləcə də kadastr və qeydiyyat sahəsində dövlət xidmətlərinin elektron formada təqdim edilməsinə keçid təmin edilib”.

K.Həsənov bildirib ki, Dünya Bankının “Doing Business 2013” hesabatına əsasən Azərbaycan əmlakın qeydiyyatının təkmilliyi göstəricilərinə görə dünya ölkələri sırasında 9-cu yerdədir: "Bununla yanaşı, zamanın çağırışlarına cavab olaraq mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi məqsədilə özəlləşdirmənin dinamik surətdə həyata keçirilməsi, habelə əmlak idarəçiliyinin modernləşdirilməsi davam etdirilməlidir. Bu iş Azərbaycan prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən olunmuş prioritetlər nəzərə alınmaqla həyata keçiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR