Noyabrda 2308 əcnəbi Azərbaycanda miqrasiya qanunvericiliyini pozub

Noyabrda 2308 əcnəbi Azərbaycanda miqrasiya qanunvericiliyini pozub
# 05 dekabr 2014 09:17 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Noyabr ayı ərzində 2308 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Dövlət Miqrasiya Xidmətindən (DMX) APA-ya verilən məlumata görə, onlardan 10-nun Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 237 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1650 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 411 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində DMX-nə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7725 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılaraq, müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 64056 əcnəbinin müraciəti qeydə alınıb.

Bununla yanaşı işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 6 sahibkarlıq subyektində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 5 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR