Arif Babayev: “Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir” - MÜSAHİBƏ

Arif Babayev: “Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir” - <font color=red>MÜSAHİBƏ</font>
# 21 aprel 2012 10:49 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəisi Arif Babayev APA-nı sorğusunu cavablandırıb.

- Milli Təhlükəsizlik Nazirliyinin son məlumatında açıqladığı silahlı birləşmənin zərərsizləşdirilməsi üzrə əməliyyat tədbirləri ilə əlaqədar nə yeniliklər var?

- Biz açıqlamamızda da qeyd etmişdik ki, cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcək. Ümumən Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.

- «Texnikabank» Açıq Səhmdar Cəmiyyətinin «Yasamal» filialının müdir müavini Elnur Seyidovun vəkilləri bildiriblər ki, müdafiə etdikləri şəxsin səhhəti pisləşib. Bu barədə məlumat verə bilərsinizmi?

- Öncə qeyd etməliyəm ki, Elnur Seyidovun vəkillərinin iddialarının heç bir əsası yoxdur. Mən də onların bəzi qəzetlərə guya, “Milli Təhlükəsizlik Nazirliyinin həkimi təsdiq edir ki, Elnur Seyidovun vəziyyəti ağırdır və təcridxana şəraitində müalicəsi mümkün deyil” kimi verdikləri həqiqətəuyğun olmayan məlumatları oxumuşam. Bu il mart ayının 27-də Elnur Seyidov Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci, yəni dələduzluq yolu ilə vətəndaşları aldadaraq onların külli miqdarda əmlakını ələ keçirmə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin müddətdən indiyədək onun sağlamlıq vəziyyəti ilə hazırkı durumu arasında mənfi istiqamətdə hansısa dəyişiklik baş verməyib. Eyni zamanda, Elnur Seyidovun həbsdə saxlanılmasının qeyri-mümkünlüyü barədə müvafiq tibbi rəy-ekspert rəyi də mövcud deyil. Elnur Seyidovun xəstəliyi və ya müalicəsi ilə əlaqədar özü, yaxud müdafiəçisi tərəfindən müraciət daxil olarsa, MTN İstintaq Baş İdarəsi tərəfindən məhkəmə-tibbi ekspertizasının təyin edilməsi məsələsinə baxıla bilər.

Vəkillərin yanlış fikir formalaşdırmaq cəhdləri isə, bəllidir ki, müdafiə etdikləri Elnur Seyidovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin qeyri-qanuni üsullarla dəyişdirilməsi məqsədini güdür. Vəkilləri onunla mütəmadi görüşür və özləri də yaxşı bilirlər ki, Elnur Seyidovun sağlamlığına təhlükə yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR