Asiya İnkişaf Bankı üzv dövlətlərin kreditləşməsini artırır

Asiya İnkişaf Bankı üzv dövlətlərin kreditləşməsini artırır
# 23 aprel 2009 07:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) ötən il ərzində üzv ölkələr üçün təsdiqlədiyi kreditlərin ümumi həcmi 10,5 mlrd. ABŞ dolları olub ki, bu da, 2007-ci illə müqayisədə 5,3% çoxdur. «APA-Economics»in məlumatına görə, bu barədə AİB-in mayın 2-5-də keçiriləcək 42-ci illik iclası öncəsi açıqladığı hesabatda bildirilir.
Hesabata görə, bu, bankın 42 illik fəaliyyəti tarixi ərzində rekord göstəricidir: «AİB qlobal böhrana dərhal cavab verərək, inkişafda olan üzv ölkələrin səylərinin dəstəklənməsinə əlavə 4 mlrd. dollar ayırıb».
Ötən il bankın ən iri borc alan ölkəsi Hindistan (2,9 mlrd. dollar) olub ki, bu ölkəyə verilən kreditin həcmi 2008-ci ildə AİV-in ümumi kreditləşməsinin 27,4%-ni təşkil edib.
Keçən il dövlət zəmanətli kreditlərin həcmi 72 layihə üzrə 8,7 mlrd. dollar olub. Bunun 6,9 mlrd. dolları AİB-in adi kapital resurslarından, qalan hissəsi güzəştli şərtlərlə Asiya İnkişaf Fondundan maliyyələşdirilib.
Həmçinin, ötən il ərzində bank 811,4 mln. dollar həcmində qrant ayırıb və bu, 2007-ci illə müqayisədə 20,6% çoxdur. Qrant şəklində ayırmaların 274,5 mln. dolları 299 texniki yardım layihəsinin payına düşüb.
Bundan başqa, bank dövlət zəmanəti olmadan özəl sektora 1,5 mlrd. həcmində 13 kredit ayırıb və bu göstərici əvvəlki illə müqayisədə 106,9% çoxdur. Eyni zamanda, AİB tərəfindən dövlət zəmanəti olmadan ictimai sektora 300 min dollar kredit verib.
AİB prezidenti Haruhiko Kurodanın sözlərinə görə, artan investisiya həcmlərini və regionun inkişaf ehtiyaclarını qarşılamaq üçün AİB-in ümumi kapitalının artırılması istiqamətində 2008-ci ilin sonundan səhmdarla danışıqlara başlanılıb və artıq bu ilin may ayında bu məsələyə dair razılıq imzalana bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR