Həbs edilən keçmiş hüquq müdafiəçisi özünü qismən təqsirkar bildiyini deyib

Həbs edilən keçmiş hüquq müdafiəçisi özünü qismən təqsirkar bildiyini deyib
# 22 may 2009 15:20 (UTC +04:00)
Bakı-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov rəhbəri olduğu qurumun sabiq təsisçisi - saxta şəxsiyyət vəsiqəsi hazırlayıb satmağa cəhd göstərən zaman həbs edilən Pərviz Dəyistani ilə görüşüb. Komitə sədri APA-ya açıqlamasında deyib ki, Şüvəlandakı 2 saylı İstintaq Təcridxanasında saxlanılan Pərviz Dəyistani ona özünü qismən təqsirkar bildiyini deyib. Onun sözlərinə görə, P. Dəyistani Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 3 gün qanunsuz saxlandığını deyib. E. Behbudov P. Dəyistani barəsində Cinayət Məcəlləsinin 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddəsi üzrə cinayət işi başlandığını bildirib.
Qeyd edək ki, P. Dəyistaninin saxlanması barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi İnternet saytında məlumat yayılıb. Məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - Azərbaycan respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikinin redaktoru İrina Konovalova və İşgəncələrə Qarşı Komitə qeyri-hökumət təşkilatının həmtəsisçisi Pərviz Dəyistani saxta şəxsiyyət vəsiqəsi hazırlayıb satarkən tutulublar. İ. Konovalovanın evinə baxış zamanı saxta sənədlərin hazırlanması üçün nəzərdə tutulmuş blank, arayış, hüquq verən sənəd nümunələri, müxtəlif möhürləri özündə əks etdirən disket, kompüter və skayner aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR