Bakıda uşaq hüquqlarının qorunmasına həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakıda uşaq hüquqlarının qorunmasına həsr olunmuş beynəlxalq konfrans keçirilir
# 25 may 2009 10:21 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda “Ekstremal şəraitdə uşaq hüquqlarının qorunması və bu prosesdə insan hüquqları üzrə milli institutların rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb. APA-nın məlumatına görə, konfrans Azərbaycanda Uşaq İlinə, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbulunun 20 illiyinə və Avropa Şurasının yaradılmasının 60 illiyinə həsr olunub. Konfransı giriş sözü ilə açan ombudsman Elmira Süleymanova tədbirin mühüm problemə - təbii fəlakətlər və hərbi münaqişə şəraitində insan hüquqları mövzusuna həsr olunduğunu bildirib: “Son zamanlar dünyada iqlim dəyişiklikləri və insan fəaliyyəti nəticəsində insanlar daha çox əziyyət çəkir və dünyasını dəyişirlər. Bu şəraitdə uşaq hüquqlarının qorunması çox vacibdir”. Ombudsman Dağlıq Qarabağ münaqişəsi nəticəsində meydana çıxan qaçqın və məcburi köçkünlərin üçdə birini uşaqların təşkil etdiyini diqqətə çatdırıb.

YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Məhəmməd Bendriss Alemi bildirib ki, uşaqları zorakılıqdan və istismara məruz qalmaqdan qorumaq işini davam etdirmək lazımdır və bu iş özündə bir neçə elementi birləşdirir: “Buraya ilk növbədə uşaq hüquqlarının qorunmasına dair monitorinq mexanizmi, bu sahədə çalışan qurumların işinə dəstək verilməsi, müxtəlif xəstəliklərdən əziyyət çəkən, zorakılığa məruz qalan, qaçqın həyatı yaşayan uşaqlarla bağlı sosial layihələrin həyata keçirilməsi daxildir”.

Konfransda “BMT-nin Uşaq Hüquqları Konvensiyasının Azərbaycanda tətbiqi: nailiyyətlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, uşaq hüquqlarının qorunması Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir: “Azərbaycanda 2,8 milyon nəfər uşaq yaşayır, onlardan 20,136 nəfəri valideyn hüququndan məhrumdur, 3,144 uşaq əlildir, 6670 uşaq isə qəyyumluğa verilib. 2009-cu il - Azərbaycan Uşaq İli elan olunub və bununla əlaqədar qeyd olunan sahəyə diqqəti artırmaq lazımdır”.

Qeyd edək ki, konfransda Litvanın uşaq hüquqları ombudsmanı Rimante Şalaşeviçute, Moldovanın uşaq hüquqları ombudsmanı Tamara Plamedeala, Rusiya hökumətinin uşaq hüquqları idarəsinin rəisi Natalya Yakovleva iştirak edirlər. Konfrans mayın 27-də başa çatacaq. Sabah konfrans çərçivəsində ən yaxşı uşaq rəsmləri və uşaq hüquqlarına dair müəllif yazısına görə mükafatların təqdim edilməsi mərasimi keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR