Dövlət Komitəsi Azərbaycanda nikahların sayının azalmasına münasibət bildirib

Dövlət Komitəsi Azərbaycanda nikahların sayının azalmasına münasibət bildirib
# 26 noyabr 2015 09:37 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Son 15 il ərzində Azərbaycanda bağlanan nikahların təxmini sayı 79-85 min arasında dəyişir. Əgər bu ilin sonunda ölkədə qeydə alınan nikahların sayı 65 və ya 75 min civarında olsa, o zaman məsələnin ciddiliyindən danışmaq olar”. Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycanda bağlanan nikahların 3, 6 və 9 aylıq statistikasının təhlili aparılmır: “Biz həmişə illik statistikanın analizini aparırıq. İllik statistik məlumatlar isə 99 faiz dəqiq olur”.

Şöbə müdiri bildirib ki, onların hesablamalarına görə, dekabr ayı da daxil olmaqla ölkədə bağlanan nikahların sayı təxminən 80 min civarında olacaq: “Bildiyiniz kimi, statistika mütəmadi dəyişir. Biz nikahların sayının artmasının və azalmasının ancaq illik müqayisəsini aparırıq. Çünki bəzi məsələlər var ki, hələ elektronlaşdırılmayıb. Məsələn, nikahların qeydiyyatı ilə bağlı yerlərdə, xüsusən kəndlərdə həyata keçirilən xidmətlərin qeydiyyatı aparılmır, aparılsa da dəqiq aparılmır. Təsəvvür edin nikahın qeydiyyatı sentyabrın 30-da aparılıb, bu bazaya oktyabrın 1-i tarixində daxil edilib. Bu isə avtomatik olaraq gələn aya düşür”.

Komitə rəsmisi nikahdan öncə tibbi arayışın nikahların sayının azalmasına təsirini də istisna etməyib: “Əlbəttə ki, nikahdan öncə tibbi arayışın təsiri olacaq, tərəflər xəstəliklərlə tanış olan zaman nikaha daxil olmaq istəməyəcəklər. Ancaq bu amilin nəzərə çarpacaq dərəcədə təsiri ola bilməz. Çünki aşkarlanan xəstəliklər heç 1 faiz təşkil etmir”.

E. Səfərov qeyd edib ki, nikahın qeydiyyata alınması sahəsində problemlər aradan qaldırılmalıdır: “Eyni zamanda, Azərbaycanda nikahların qeydiyyata alınması ilə bağlı təkmilləşdirmə işlərinə ehtiyac var”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bu ilin oktyabr ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 51 min nikah və 9,6 min boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı 8,9-dan 7,1-ə qədər azalıb, boşanmaların sayı isə eyni səviyyədə (1,3) qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR