Son dövrlərdə Azərbaycan vətəndaşları bir sıra Avropa ölkələrindən viza almaqda çətinliklərlə üzləşirlər. Qeyd olunur ki, hansısa ictimai tədbirlərə getmək və ya turist kimi səfər etmək istəyənlərə süni maneələr yaradılır.
Məsələ ilə bağlı APA-ya açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov da deyilənləri təsdiqləyib.
O bildirib ki, ilk növbədə İtaliya səfirliyində görüş günü və vizanın verilməsi ilə bağlı ciddi problem var və müraciət edənlərin təxminən 50 faizi viza ala bilir:
"Təhsil viza müraciətlərində tələbələrə çətinliklə viza verir. Bu ölkədə universitetə qəbul olmaq viza almaqdan daha rahatdır. Macarıstan səfirliyində BLS kuryer şirkətinə müraciət edən turistlərə süni əngəllər yaradılır. Bunu səfirliyin tələbi kimi qeyd edirlər. Tələb olunan sənədlərdən əlavə sənədlər tələb olunur. Məsələn, iş yerindən arayış və kart çıxarışı təqdim olunduğu halda, vergi ödənişinə dair arayış, bəzən gediş-gəliş biletlərinin alınmış variantları tələb edilir. İşçi kollektivi haqqında isə turistlərdən durmadan şikayətlər gəlir".
Qurum rəsmisi həmçinin qeyd edib ki, Capago şirkəti üzərindən müraciət olunan ölkələrdə Capago şirkəti sənədin hazır olduqdan sonra kuryer xidməti vasitəsi ilə çatdırılmasını məcburi edir. Viza müraciəti zamanı sənədlərini özü təqdim edən turist, viza hazır olduqdan sonra özü götürə bilmir:
"Pandemiyanın bitməsinə baxmayaraq hələ də kuryer xidməti üçün 17 manat xidmət verilməlidir. Sənədlərin surətinin çıxarılması, tərcümənin təsdiqi üçün xidmət haqqı yüksəkdir. Bundan başqa, Capago şirkəti əlavə xidmət haqları tutur. Viza rüsumunun ödənilməsindən sonra, Capago-nun xidmət haqqı və daha bir əlavə haqq tutulur. Bu xidmət haqqının nə olduğuna aydınlıq gətirilmir. VFS Global şirkətində görüş günü ilə bağlı sıxıntılar hələ də qalmaqdadır. Bu da müştərilərin haqlı narazılığına səbəb olur".
Şaiq Məmmədov qeyd edib ki, analoji problem Polşa, Almaniya, Böyük Britaniya, Çexiya səfirlikləri ilə də yaşanır.
"Polşa səfirliyində görüş günləri ilə bağlı problemlər var. Belə ki, görüş günü təyin etmək üçün sistem demək olar ki, bağlı olur. Görüş günü həftədə1 dəfə, ayda 4 dəfə qısa müddətə günün öncədən bilinməyən saatında açılır. Bu isə görüş günü təyin etmək istəyən turistlərdə çaşqınlıq yaradır. Ən önəmlisi isə səfirliyin İşçi vizası ilə bağlı yaratdığı yeni random üsulu ilə görüş gününün təyin edilməsi həddindən artıq çətin və uyğunsuz hesab olunur. Bir həftə öncə qeydiyyatdan keçmiş şəxsə görüş günü bir ay öncə qeydiyyatdan keçmiş müştəridən daha tez təyin olunur. Bundan əlavə, iki ailə üzvü üçün eyni vaxtda görüş günü götürmək mümkün deyil. Almaniya viza müraciətlərinə neqativ cavabları çox verir. Demək olar ki, az büdcəli turistlərə Almaniya səfirliyində yer yoxdur. Böyük Britaniya səfirliyindən cavab 21 iş günü ərzində deyil, 2 ay və daha gec gəlir. Orta büdcəli turistlər qəbul edilmir. Çox yüksək əmək haqqı və ya gəlirləriniz olmalıdır ki, ölkə sizə turistik viza verməkdə maraqlı olsun. Çexiya səfirliyi isə otelin ödənilmiş çekini tələb etməklə turizm agentlikləri və turistlər üçün problem yaradır. Ödənişi edəndən sonra viza verilməməsi ehtimalı narahatlıq yaradır" - deyə o bildirib.
Turizm üzrə ekspert Rəhman Quliyev isə bildirib ki, bu gün ölkə hüdudlarından kənara getmək istəyən turistlərin sayında müsbət tendensiyanı görmək olar. Bu da ölkəmizin iqtisadiyyatının günü-gündən artan dinamikasından xəbər verir:
"Gedən turistlərin sayı artıqca həmin ölkə ilə qarşılıqlı turist mübadiləsi meydana gəlir ki, bu, hər iki tərəfin xalqlarının bir-birinə inteqrasiyasına və iqtisadiyyatına mühüm töhfə verir, eyni zamanda turizmin digər vəhdət təşkil edən qollarına da sirayət edir. Qarşıdan yay tətili günlər gəlir, böyük turst kütləsi harada istirahət edəcəyi barədə indidən planlama işləri aparır. Təəssüflə qeyd etmək istəyirəm ki Azərbaycan turistləri ücün məhdud sayda çıxış destinasiyası var.
Nəzərə alsaq ki, 10-dan çox Avropa şəhərinə birbaşa aviareysler var, amma Azərbaycan vətəndaşlarına Şengen viza rəsmiləşdirilməsində ciddi çətinliklər yaradılır. Turistlər birbaşa özləri və ya turizm firmalarının vasitəçiliyi ilə viza almaq üçün müraciət etdikləri zaman hətta sənədləri təqdim etmək üçün növbə gözləmək məcburiyyətində qalırlar. Bu halda da öncədən alınan aviabilet, otel ödənişləri də cəriməyə düşür və sonda turist və ya turizm firması çox ciddi ziyanla üzləşir. Belə halların texniki məsələdən və yaxud süni əngəlləmədən meydana gəlmə ehtimalı istisna deyil".
Böyük Britaniyanın Azərbaycandakı Səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, vizaların verilməsi onların səlahiyyətində deyil:
"Böyük Britaniyaya səfər üçün sənədləri Azərbaycanda TLS şirkəti toplayır və məlumatlar Türkiyədəki konsulluğa göndərilir. Vasitəçi şirkətin göndərdiyi sənədlər əsasında yekun qərarı Türkiyədəki konsulluq verir".
Almaniyanın Azərbaycandakı səfirliyindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, azərbaycanlı turistlərin böyük marağından məmnundurlar və bu, verilən Şengen vizalarının sayında da özünü göstərir.
"2022-ci ildə ümumillikdə biz 11 min 987 viza vermişik. 2022-ci ilin birinci rübündə 1426 viza verildiyi halda, 2023-cü ilin birinci rübündə artıq 3260 viza verilib. Müraciətlərin rədd edildiyi nadir hallarda, biz şəffaf şəkildə ərizəçiyə imtinanın səbəbi barədə məlumat veririk. Həmkarlarımız viza müraciətlərinə baxarkən qanuni tələblərə əməl etməlidirlər. Müraciət edənlərin sonradan məyus olmaması üçün biz saytımızda viza müraciəti üçün hansı sənədlərin və məlumatların tələb olunduğu barədə ətraflı məlumat veririk: (https://baku.diplo.de/az-az/service/visa-einreise)" - deyə cavabda qeyd olunub.
Çingiz Səfərli
Zümrüd Paşkin