Azərbaycanın paytaxtı Bakı ilə Qazaxıstanın Şımkent şəhəri arasında birgə turizm marşrutlarının və ya paketlərinin hazırlanması planlaşdırılır.
"APA-Economics"in Şımkentə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şəhərin Turizm, Xarici Əlaqələr və Yaradıcı Sənayelər İdarəsinin rəhbəri Beksultan Adilxanov bildirib.
Onun sözlərinə görə, Bakı-Şımkent-Bakı aviareysi də bu məqsədlərə çatmaq üçün açılıb.
"Bu reys ölkələrimiz və şəhərlərimiz arasındakı əlaqələrə əlavə təkan verəcək. Bu gün biz bu istiqamətdə fəaliyyət göstərən bütün turizm operatorlarını və agentliklərini bir araya toplamışıq.
Artıq müvafiq memorandum və müqavilələr imzalanıb. Bu sənədlər çərçivəsində birgə turizm marşrutları hazırlanacaq", - Beksultan Adilxanov qeyd edib.
O bildirib ki, yeni reysin açılması ölkələr arasında turistik əlavələrinin inkişafına müsbət təsir göstərəcək, çünki turistlər hər hansı bir istiqaməti seçərkən, ilk növbədə şəhərlər arasında birbaşa hava əlaqəsinin olub-olmadığına baxırlar.
"Bu, şübhəsiz ki, turistlər üçün böyük rahatlıq yaradır. İnanırıq ki, həm Bakıya, həm də Şımkentə turist axını çox olacaq və bunun üzərində fəal çalışacağıq. Şımkent Türküstan və Daşkənd ilə birlikdə cənub regionunun mərkəzlərindən biridir. Şımkent ətrafında təxminən 5 milyon insan yaşayır", - Beksultan Adilxanov vurğulayıb.