Azərbaycanda xarici investorlar üçün yeni layihənin icrasına başlanılıb

Azərbaycanda xarici investorlar üçün yeni layihənin icrasına başlanılıb
# 12 fevral 2018 14:22 (UTC +04:00)

"Qiymətli kağızlar bazarında emitentlərin fond birjasında listinqə çıxış imkanlarının asanlaşdırılması üzrə kompleks tədbirlərin icrasına başlanılıb".

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) "APA-Economics"ə verilən məlumata görə, bunu ötən ilin yekunlarına dair iclasda Palatanın Baş icraçı direktoru İbrahim Alışov deyib. Onun sözlərinə görə, xarici investorların yerli qiymətli kağızlar bazarına çıxış imkanlarının artırılması üzrə layihənin icrasına başlanılıb: "Bu istiqamətdə beynəlxalq depozitarlarla əlaqələrin qurulması üzrə “Clearstream” və “Euroclear” təşkilatları ilə danışıqlar aparılır. Həmçinin “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə (Strateji Yol Xəritəsi) uyğun olaraq 5 şirkətin ilkin kütləvi təklifinin (İPO) həyata keçirilməsi üzrə işlər davam etdirilməkdədir".

İ.Alışov qeyd edib ki, ödəniş sistemləri və ödəniş xidmətləri sahəsində yeni tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq qanunvericilik bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilib.

O, Palata tərəfindən uzunmüddətli dövrə hədəflənmiş requlyativ tədbirlərin həyata keçirildiyini də bildirib. İ.Alışıov əlavə edib ki, bu məqsədlə prudensial tənzimləmə sənədlərinə qabaqcıl beynəlxalq təcrübələri də ehtiva edən layihələr hazırlanıb və bu prosesin davamlı olacağı nəzərdə tutulur. Yeni requlyativ çərçivənin formalaşdırılması zamanı maliyyə bazarları iştirakçılarının mövqeyinə Palata tərəfindən xüsusi diqqət ayrılıb, sektoral assosiasiyalar çərçivəsində çoxsaylı müzakirələrin aparıldığı bildirilib.

İ. Alışov Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların özəyində qeyri-neft sektorunun inkişafı durduğunu bir daha vurğulayaraq bildirib ki, Strateji Yol Xəritəsinin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə hədəflər xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə sözügedən hədəflərin müzakirəsi olub, hesabat məruzələri dinlənilib. Strateji Yol Xəritəsi üzrə 2018-ci il üçün nəzərdə tutulan prioritetlərin vaxtında icra olunmasına dair müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR