Azərbaycanda sürücülük hüququ ilə bağlı yeni altkateqoriyalar müəyyənləşdirilir

Azərbaycanda sürücülük hüququ ilə bağlı yeni altkateqoriyalar müəyyənləşdirilir
# 24 may 2018 16:07 (UTC +04:00)

“Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilir.


APA-nın məlumatına görə, qanuna əlavə və dəyişiklik Azərbaycan prezidenti tərəfindən irəli sürülüb.

Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, “A”, “B” və “C” kateqoriyaları ilə yanaşı “B1” və “C1” altkateqoriyaları müəyyənləşir. Bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan etibarən verilir.

4-cü bəndə edilən əlavəyə görə, “BE” kateqoriyası ilə yanaşı “C1E” altkateqoriyası müəyyənləşdirilir. Bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 19 yaşdan etibarən verilir.

6-cı bəndə edilən əlavə və dəyişikliyə görə isə “D” kateqoriyası ilə yanaşı “D1” altkateqoriyası müəyyənləşdirilir. Bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 23 yaşdan etibarən verilir.

Layihəyə görə “D1E” altkateqoriyası da müəyyənləşir və bu altkateqoriyaya aid nəqliyyat vasitələrini yaşı 25-dən 65-dək olan şəxslər idarə edə bilər. Eyni zamanda bu altkateqoriya “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərti ilə verilir.

Maddəyə II-I hissə də əlavə edilir: Hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan etibarən əldə edə bilərlər.

Qeyd edək ki, “B1” altkateqoriya trisikl (tricycles) və kvadrosikl (quadricycles) nəqliyyat vasitələri növünə aiddir. “C1” altkateqoriya isə 3,500-7,500 kiloqram ağırlığında kiçik və orta yük maşınlarını, römorklu yük maşınlarını (750 kq-dək ağırlıqlı) idarə etməyə imkan verir. “C1E” altkateqoriyası bir ağır tonnajlı yük avtomobili (TİR) ilə orta yük maşınlarına, “D1” minibus (8-15 sərnişin daşıma) nəqliyyat vasitələrinə aiddir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR