BMT QAK: Dünyadakı qaçqınların yarısının uşaqlar olması təşviş doğurur

BMT QAK: Dünyadakı qaçqınların yarısının uşaqlar olması təşviş doğurur
# 18 iyun 2015 08:37 (UTC +04:00)

BMT QAK-ın “Qlobal tendensiyalara dair” hesabatı açıqlanıb

Bakı-APA. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) “Qlobal tendensiyalara dair” hesabat yayıb.

BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, hesabatda bütün dünyada didərginlik baxımından təhlükəli yeni dövrün başlandığı barədə xəbərdarlıq edilib:

“Verilən məlumatlar göstərir ki, təxminən 60 milyon insan öz yurdunu tərk etməyə məcbur olub. BMT QAK-ın bu gün açıqladığı hesabat müharibə, münaqişə və təqiblər ucbatından köçkün düşmə hallarının indiyədək qeydə alınmış ən yüksək səviyyədə və sürətlə artmasını göstərir. Bir il əvvəlki 51,2 milyon və on il əvvəlki 37,5 milyon rəqəmi ilə müqayisədə 2014-cü ilin sonunda 59,5 milyon insan zorla didərgin salınıb. Əsas artım 2011-ci ilin əvvəlində Suriyada müharibə yarandığı vaxtdan başlayıb və bu müharibə dünyada köçkünlüyə rəvac verən ən böyük hərəkətverici qüvvəyə çevrilib. 2014-cü ildə hər gün orta hesabla 42.500 insan qaçqına, sığınacaq axtarana və ya məcburi köçkünə çevrilib ki, bu da cəmi dörd il ərzində dördqat artım deməkdir. İndi bütün dünyada hər 122 nəfərdən biri ya qaçqın, ya da məcburi köçkün və ya sığınacaq axtarandır. Bu rəqəmi ölkələrin əhalisi üzrə götürsək, bu, dünyada böyüklüyünə görə 24-cü ölkənin əhalisi qədər insan deməkdir”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş deyib ki, onlar paradiqma dəyişikliyinin şahididirlər: “Yəni elə bir dövrə kəskin keçidin şahidiyik ki, qlobal səviyyədə məcburi köçkünlüyün və ona tələb olunan reaksiyanın miqyası indiyədək müşahidə edilənləri açıq-aydın kölgədə qoyur. Bu dəhşətli haldır ki, bir tərəfdən münaqişələri başlayanlar getdikcə daha çox cəzasız qalır, digər tərəfdən isə beynəlxalq birlik müharibələri dayandırmaq, sülhü bərqərar və mühafizə etmək üçün birgə əməkdaşlıqla bağlı gücsüz görünür.

BMT QAK-ın hesabatı göstərir ki, qaçqınların və ölkədaxili köçkünlərin sayı regionlar üzrə bir-birinin ardınca artmaqdadır. Son beş ildə ən azı 15 münaqişə baş verib və ya yenidən baş qaldırıb: onlardan səkkizi Afrikada (Fil Dişi Sahili, Mərkəzi Afrika Respublikası, Liviya, Mali, Nigeriyanın şimal-şərqi, Konqo Demokratik Respublikası, Cənubi Sudan və bu il Burundidə); üçü Orta Şərqdə (Suriya, İraq və Yəməndə); biri Avropada (Ukraynada); və üçü Asiyada (Qırğızıstanda, Myanmanın bir neçə ərazisində və Pakistanda) olub. Bu böhranların az qismi həll olunub, amma çoxu hələ də yeni köçkünləri yaratmaqdadır. 2014-cü ildə yalnız 126.800 qaçqın doğma ölkəsinə qayıda bilib ki, bu da 31 ildə ən aşağı rəqəmdir.

Eyni zamanda, Əfqanıstan, Somali və digər yerlərdə onilliklər boyu davam edən qeyri-sabitlik və münaqişə o deməkdir ki, bu yerlərdən olan milyonlarla insan ətraf yerlərə ya köç etməkdədir, ya da orada qərarlaşmışdır (getdikcə bu adi hal alır) və uzunmüddətli məcburi köçkünlükdən və ya qaçqınlıqdan doğan ziyanlı qeyri-müəyyənliyin içərisindədir. Dünyadakı münaqişələrin son dövrlərdə getdikcə daha çox nəzərə çarpan nəticələri və onların doğurduğu dəhşətli iztirablar dəniz yolu ilə, o cümlədən Aralıq dənizi, Ədən körfəzi və Qırmızı dəniz və cənub-şərqi Asiya vasitəsi ilə təhlükəli səfərə çıxmaqla təhlükəsizlik axtarışında olan qaçqınların sayında kəskin artıma səbəb olub.

Qaçqınların yarısı uşaqlardır. BMT QAK-ın "Qlobal tendensiyalara dair hesabatı" göstərir ki, təkcə 2014-cü ildə 13,9 milyon nəfər yenicə məcburi köçkünə çevrilib ki, bu da 2010-cu ildəki saydan dörd dəfə çoxdur. Bütün dünyada 19,5 milyon qaçqın var (2013-cü ildəki 16,7 milyon rəqəmində artım baş verib), 38,2 milyon nəfər öz ölkələri daxilində köçkünə çevriliblər (2013-cü ildəki 33,3 milyon rəqəmində artım baş verib), 1,8 milyon nəfər isə sığınacaq barədə müraciətlərinin nəticəsini gözləyir (2013-cü ildə bu say 1,2 milyon idi). Dünyadakı qaçqınların yarısının uşaqlar olması təşviş doğurur”.

A.Quterreş bildirib ki, müharibə qurbanlarının müdafiəsi üçün maliyyə vəsaitlərində böyük çatışmazlıqların və qlobal rejimdə geniş boşluqların olduğu bir şəraitdə mərhəmətə, yardıma və sığınacağa ehtiyacı olan insanlar başlı-başına buraxılıb: "Misli görünməmiş dərəcədə kütləvi köçkünlüyün olduğu əsrdə biz indiyədək görünməmiş dərəcədə humanitar reaksiyaya və münaqişə və təqiblərdən qaçan insanlar üçün tolerantlıq və müdafiə istiqamətində yenilənmiş qlobal öhdəliklərə ehtiyac duyuruq".

Qeyd olunub ki, Suriya dünyada ən çox məcburi köçkünləri (7,6 milyon nəfər) və qaçqınları (2014-cü ilin sonunda 3,88 milyon nəfər) yaradan ölkədir. Əfqanıstan (2,59 milyon) və Somali (1,1 milyon) ən çox qaçqın yaradan növbəti ölkələrdir:

“Ukraynadakı münaqişə, Aralıq dənizini rekord sayda – 219.000 nəfər qaçqının keçməsi və Türkiyədə çoxlu sayda suriyalı qaçqınların olması (2014-cü ilin sonunda 1,59 milyon suriyalı qaçqını qəbul etmiş bu ölkə həmin il dünyada ən çox qaçqın qəbul etmiş ölkə oldu) qaçqınlarla bağlı istər müsbət, istərsə də mənfi məsələlərə ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb edib. Avropa İttifaqında sığınacaq üçün ən çox müraciət Almaniyada və İsveçdə edilib. Bütövlükdə Avropada zorla didərgin salınanların ümumi sayı 2013-cü ilin sonunda 4,4 milyon rəqəmi ilə müqayisədə 2014-cü ilin sonunda 6,7 milyon nəfər olub, bunun ən böyük hissəsini Türkiyədəki suriyalılar və Rusiya Federasiyasındakı ukraynalılar təşkil edib”.

Bildirilib ki, Orta Şərq və Şimali Afrika 19% artım olub. Təkcə Suriya müharibəsinin doğurduğu kütləvi iztirablar, o cümlədən 7,6 milyon insanın ölkə daxilində köçkün düşməsi və 3,88 insanın ətraf regionlara və daha uzaq yerlərə qaçqın kimi köç etməsi Orta Şərqi dünyanın ən çox didərgin insan yaradan və qəbul edən bölgəsinə çevirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR