Mühacir biznesi: oturum almağın yolları - REPORTAJ - FOTOSESSİYA

Mühacir biznesi: oturum almağın yolları - <span style="color: red;">REPORTAJ  - <span style="color: red;">FOTOSESSİYA
# 14 may 2015 13:13 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Avropaya ayaq basan kimi ilk sözləri budur: “Asyl” (qaçqın). Amma bilmirlər ki, onun arxasında nə yatır. Bildikləri təki, nə olur olsun, Avropada yaşamaqdır. Mən də müxalifətçiyəm, həmişə tənqidi mövqedəyəm. Amma bu o demək deyil ki, Avropada Vətənimi, dövləti tənqid etməli, ölkəmi nüfuzdan salmalıyam. Çox təəssüf ki, son vaxtlar Azərbaycanda şəxsi davası olanlar,

törətdiyi cinayətdən yayınanlar Almaniyaya gəlib özünü ya siyasi mühacir, ya “təzyiqlərdən qaçqın düşən” şəxs kimi təqdim edirlər. Daha sonra da oturum almaq üçün Azərbaycan əleyhinə kampaniyaya başlayırlar. Özlərini “Azərbaycan diasporu” kimi təqdim edirlər, halbuki heç bir təşkilatları olmur ”.

Bunu APA-nın Avropaya ezam olunmuş əməkdaşına Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlı iş adamı Toğrul Əziz söyləyir.

“Onlar “Xocalıya ədalət” yürüşlərində bizə mane olurdular”

Uzun zamandır, Almaniya vətəndaşı olan T. Əziz deyir ki, burada oturum, vətəndaşlıq almaq, yaxud təşkilat qurmağın daha münasib yolları var: "Amma bu, Azərbaycanı Almaniyada “dözülməz dövlət” kimi təqdim etmək deyil. Bilərəkdən, ya bilməyərəkdən bu addımları ilə Azərbaycana edilən təzyiqlərdə maşa rolunu oynayırlar. Məsələn, bu günlərdə Avropaya gəlib yaşayan Elçin adlı keçmiş məmurlardan biri mətbuata müsahibə verir ki, bir yüksək rütbəli vəzifəli şəxslə münasibətləri alınmadığı üçün onunla dalaşıb və ölkəni tərk edib. Düşüncə tərzinə diqqət edin: adam problemin həllini yolunu dalaşıb ölkəni tərk etməkdə görür. Bu hansı məmur etikasına uyğundur? Almaniya, yaxud digər Avropa ölkəsi gedib onu həmin məmurla barışdırandı? Belə adamlardan necə diaspor ola bilər?!”

Azərbaycan-Almaniya Mədəniyyət Evinin rəhbəri Ağa Ağayev isə deyir ki, Almaniyada azərbaycanlılar arasında münaqişənin alovlanmaması üçün adlarını çəkmək istəmədiyi bir-iki nəfər var ki, Almaniyada Azərbaycan diasporuna qarşı açıq-aşkar ləkələmə kampaniyasına başlayıb: “Biri var burada. Azərbaycanda bir müəssisənin rəhbər müavini olub və yol verdiyi korrupsiyaya görə məsuliyyətə cəlb olunacağını görərək bura qaçıb. Əvvəlcə özünü guya “Azərbaycanda siyasi baxışlarına görə təqib olunan” kimi təqdim elədi, sonra yer tutandan sonra diasporluq iddiasına düşdü və yenə Azərbaycanı Almaniyada təhqir kampaniyasına başladı. Sonra gördü ki, diaspor fəaliyyəti alınmır, başladı bizim diaspor hərəkatımızı təhqir etməyə. Mən bir dəfə əlaqə nömrəsini tapıb ona zəng edib tanış olmaq, nə baş verdiyini öyrənmək istədim. Söhbət zamanı qəfil telefonu söndürdü və bir daha götürmədi. Aradan iki gün keçəndən sonra evimə alman polisi gəldi və bildirdi ki, həmin adamın məndən şikayəti var ki, guya mən Azərbaycan dövləti adına onu burda təqib edirəm. Alman polisi də bunu araşdırıb şikayətin əsassız olduğunu görəndən sonra ona xəbərdarlıq etdi. İndi fikir verin, bu oyundan çıxıb və yerli dövlət orqanlarını da bu oyunlara daxil edib millətimizin adına ləkə gətirməyin nə anlamı var?!”.

A. Ağayev deyir ki, Almaniyada Azərbaycan diaspor təşkilatları sıx əlaqədə işləyir və son vaxtlar daha aktivləşiblər. Onun sözlərinə görə xüsusilə erməni lobbisinə qarşı mübarizədə Almaniyadakı diaspor təşkilatları daha kütləvi tədbirlər, layihələr həyata keçirir: “Amma təəssüf ki, məsələn, "Xocalıya Ədalət" adı altında təşkil etdiyimiz kütləvi yürüşlərə gələnlərə mane olmaq üçün özünü azərbaycanlı adlandıranlar əllərindən gələni edirlər. İndi bu nə deməkdir? Sosial şəbəkələrdə, müxtəlif yerlərdə bizi hədələyirlər, təhqir edirlər”.

Ermənilərin rəhbərlik etdiyi kilsədə xristianlaşan azərbaycanlılar...

Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədr müavini Faiq Məmmədov isə deyir ki, son vaxtlar belə bir dəb yaranıb ki, Azərbaycandan gəlib dərhal buranın müvafiq orqanlarına yaxınlaşıb “soy kökümdə erməni var deyə məni incidirdilər gəldim”, “filan partiyanın üzvü idim deyə hakimiyyət məni təqib edirdi deyə gəldim” və sair iddialarla müraciət edirlər. “Buranın orqanları ilə bir diaspor rəhbəri kimi sıx əlaqəm var. Ümumiyyətlə, söhbətimiz zamanı mən onlara deyirəm ki, bu gün Ermənistanda nəinki bir azərbaycanlı yaşamır, bütün qeyri-ermənilərin hamısı qovulub. Amma Azərbaycanda hələ də nə qədər vətəndaşlığı olan erməni yaşayır və heç kim onlara bir söz demir. İndi sənin soy-kökündə bir hissə erməni qatqısı var deyə mütləq belə iftiraya əl atmalısan? Və yaxud, bu gün biz də oxuyuruq ki Azərbaycanda müxalifət partiyalarının rəhbərləri hakimiyyəti istədiyi şəkildə tənqidi edir, ağzına gələni yazırlar. Sərbəst fikirlərini deyirlər. İndi bu partiya rəhbərlərindən çox üzvlərin problemi olacaq? Axı niyə uzun illərdir burada yaşayan biz azərbaycanlıları belələri gəlib rüsvay edir? Avropada yaşamaq eşqi bu qədərmi adamı vətəninə qarşı xəyanətkar edər?”

F. Məmmədov deyir ki, Frankfurtda bir neçə nəfər birləşib təşkilat elan edib: "Özlərini Azərbaycandakı hakimiyyətə müxalif adlandıraraq dövlətin əleyhinə ağızlarına gələni Almaniyada yaymağa başladılar. Axırda məlum oldu ki, onların təşkilatı qanunsuz fəaliyyət göstərirmiş, qeydiyyatdan keçməyib".

F. Məmmədov daha maraqlı bir faktı təqdim etdi: “Həmin şəxslərdən bir qismi son vaxtlar qəribə üsula əl atıblar. Azərbaycanda qurduqları hansısa əlaqə vasitəsilə özlərinə tərəfdar yığıb bura gətirir və buradakı bir neçə kilsədə onlara yer verib, sonra isə onların xristianlığı qəbul etməsi nəticəsində oturum verirlər. Əvvəlcə biz bunu eşidəndə dini etiqad azaddır deyə əhəmiyyət vermirdik. Amma sonra bizə məlum oldu ki, həmən kilsələrin bir neçəsində bu missiyanı həyata keçirənlər əsasən ermənilərdir. Məsələn, burada yaxınlıqda Herfordup şəhərinin Kiebitz küçəsində bir kilsə var. Böyük kilsədir. Orada əsasən başqa dindən dönənləri ermənilər qəbul edir. Biz araşdırdıq ki, azərbaycanlıları təşkilatlandırıb onlarla tanış edən, onların vasitəsi ilə xristianlığa dəvət edən Aslan Hüseynov adlı xristianlığı qəbul etmiş bir nəfərdir. O dini etiqad azadlığı pərdəsi altında burada kilsələrdə Azərbaycana qarşı narazılar dəstəsi yaradır, özü də ermənilərin rəhbərliyi altında. Müqabilində isə pul və Almaniyada oturum verirlər”.

Mühacir kimi gedən azərbaycanlıların dilindən...

Görüşlərimiz zamanı hər iki bölgədə “Asylheim” deyilən düşərgələrdə özünü narazılar kimi təqdim edən həmvətənlərimizin bir neçəsi ilə ünsiyyətə girmək istəsək də, görüşdən imtina etdilər. Bu barədə danışmaq istəmədilər. Səbəbini isə izah etmədilər.

Dyusburqda isə Qəhrəman adlı bir həmyerlimiz fotosunu çəkilməsinə etiraz etsə də danışmağa razı oldu: “Mən iki il əvvəl gəlmişəm. Bakının rayonlarının birində qaz idarəsinin mühəndisi idim. Ali təhsilliyəm. İdarə rəisi əvvəlcə məni sıxışdırmağa başladı. Sonra isə ayağıma borc yazdı. Bir sözlə, xeyli bu məsələdə əziyyət çəkdim və çıxış yolunu ölkədən çıxmaqda gördüm. Bir nəfər tapıb ona 3 min dollar pul verdim və o mənə, həyat yoldaşıma və az yaşlı uşağıma vizanı həll edərək Vyanaya yola saldı. Nə etməli olduğumu da öyrətdi. Belə ki, oradan da bura gəldim. Şəhərdə düşən kimi polisə yaxınlaşıb “asyl” dedim. Dili də bilmirdik. Onlar dərhal yerindəcə sənədləşdirib, taksi tutub ödənişi özləri edib bizi “Asylheim”a göndərdilər. Orada tərcüməçi vasitəsi ilə anket doldurtdular. Amma pasportumuzu göstərmədik. Çünki göstərsək dərhal geri göndərərdilər. Deyirlər ki, sizin ölkə azad ölkədir və pasportunuz da var, geri qayıtmalısınız. Dedik gəmi vasitəsi ilə qaçıb gəlmişik. Burda qayda belədir ki, anket dolduranda səhv məlumat verməmlisən. Çünki Azərbaycana sorğu göndərirlər, əgər cavab yalan gəlsə səni “neqativ” adı ilə geri göndərirlər. Mənimki kimi situasiyalarda çox vaxt Azərbaycandan cavab gəlmir və bunlar da bizi qəbul edirlər. Məni də qəbul etdilər. Amma sonra məndə də “neqativ” tapdılar və 3 günə ölkəni tərk eləməli olduğumu bildirdilər. Vəkil tutdum və indiyə qədər oturum almağa çalışıram. Oturum alandan sonra toxunulmaz kimi Azərbaycana qayıtmağı planlaşdırırıq. Çünki Azərbaycandan kənarda yaşamaq olmur. Əvvəlcə hiss olunmasa da, yaşadıqca bura belə sığınmaq adama ağır gəlir. Bəzi vaxt dəfələrlə görmüşəm ki, neçə azərbaycanlını qolunu qandallayıb təyyarəyə qədər aparıb oradan geri Azərbaycana göndərirlər. Çünki əksəriyyəti gəlib burada özünü siyasi mühacir kimi təqdim edir və anketi də elə doldurur. Sonda bunların əksəriyyəti yalan çıxdığı üçün burada problemləri yaranır”.

Eyni hal daha çox Niderlandda tez-tez rast gəlinir.

Siyasi mühacir adı ilə, hətta bəzən Azərbaycan pasportunu gizlədib, yaxud cırıb özünü guya Azərbaycanda incidilən erməni kimi təqdim edənlər də var. Hərçənd onlardan bir neçəsi ilə ünsiyyətə girməyə çalışsaq da, imtina etdilər.

Niderland-Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Elsevər Məmmədov deyir ki, istər bu adla, istərsə də Azərbaycandakı hansısa siyasi partiyanın üzvü kimi siyasi mühacir adı ilə gələnlərin çoxu Niderland miqrasiya qurumlarını aldadır: “Çünki sonradan özləri də dolayısı ilə etiraf edirlər ki, sadəcə burada oturum almaq üçün bu vasitədən istifadə edirlər”.

Diaspor üzvləri ilə söhbətdə o da məlum oldu ki, Azərbaycandakı bəzi müxalifət partiyalarına rüşvət verərək, onlardan o partiyanın üzvü olmalarını təsdiq edən sənəd əldə edirlər və o sənəd burada oturum almalarına kömək edir.

Niderlandın Haarlem şəhərində yaşayan Azərbaycan Xalq Cəbhəsinin aktiv üzvü olan İlham Babayev isə söhbət zamanı siyasi mühacir adı ilə bu ölkədə yaşamaq izni, daha sonra isə vətəndaşlıq almalarının səbəbini açıqladırlar. İ. Babayev deyir ki, Azərbaycandan siyasi mühacir kimi Niderlanddan yaşamaq izni almasına baxmayaraq, onun Azərbaycan hakimiyyəti ilə heç bir problemi yoxdur: “Mən bura 1998-ci ildən sonra gəldim. Əvvəlcə oğlum ilə ikimiz gəldik. Sonra ailəmizin digər üzvlərini gətirdik. Açıq deyəcəyəm. Biz ailəviliklə Əbülfəz Elçibəy tərəfdarı olmuşuq. Bizim üçün Azərbaycan müxalifəti Əbülfəz Elçibəy ilə birgə “öldü”. İndiki müxalifət ancaq cibini doldurur, siyasi müxalif adı ilə xarici ölkələr qarşısında dvident qazanırlar. Onları indi Azərbaycan maraqlandırmır. Çünki onlardan heç biri mənim qoyub gəldiyim insanlar deyil, Elçibəy dünyasını dəyişən kimi xarici havadarlar axtarmağa başladılar”.

Bir vaxtlar Filarmoniyanın solisti olan İ. Babayev Avropaya gəlmə səbəbini açıqlayaraq deyir ki, 90-cı illərin əvvəlində neçə yerə müraciət etsə də, Bakıda ona iş verən olmayıb: “İşsizlikdən və bəzi məmurların mənə qarşı münasibətlərindən təngə gəlib Avropaya üz tutdum. Amma bura gələndən sonra gördüm ki, müxalifət adı ilə elələri bura gəlir ki, mən bir hərəkat üzvü kimi heç onları bir dəfə də olsun görməmişəm. Özü də onların bura mühacir olmasına səbəb elə o partiya rəhbərlərinin özləri olur. Guya siyasi təzyiqlərə məruz qalıb gəlirlər. Əgər onlar doğurdanda o partiyanın üzvüdürlərsə və siyasi təzyiqə məruz qalırlarsa onlara sual vermək lazımdır ki, sənin partiya rəhbərindən çox Azərbaycan hakimiyyətinə problemin ola bilər ki, sənə təzyiq oldu və gəldin? Necə olur ki, o partiya rəhbərləri indi Azərbaycanda milyonçuya çevriliblər, amma əlində o partiyanın üzvlüyünü təsdiq edən sənəd olan “üzvlər” Avropada həyat qurmaq niyyəti ilə Azərbaycandan guya dözə bilməyib “qaçırlar?”

İ. Babayev hazırda Niderlanda Azərbaycan diasporunun fəal üzvləridir. O deyir ki, siyasi baxışlarından asılı olmayaraq ölkədən kənarda onlar üçün Azərbaycan dövləti, Azərbaycan xalqı ən böyük sərvətdir və daima bunu uca tutmağa çalışırlar: “Bəziləri var ki, burada izn almaq müqabilində Azərbaycana qarşı təzyiq yolu axtaran dövlətlərin qulluqçusuna çevrilirlər, amma onlar heç vaxt diaspor işinə mane ola bilməzlər”.

Vəziyyət İsveçdə də təkrar olunur. Paytaxt Stokholmda “Azərbaycan naminə” təşkilatının rəhbəri Nadir Hollenbrand deyir ki, elələri var ki, burada oturum almaqdan ötəri Azərbaycandakı hansısa müxalifət partiyasından bir sənəd düzəltdirib miqrasiya orqanlarına təqdim edir və oturum almağa cəhd edirlər: “Elə ki istəklərinə çatdılar, gözdən itirlər”.

Azərbaycan Demokrat Partiyasının sabiq üzvü, artıq 9 ildir, siyasi mühacir adı ilə gəlib Stokholmda yaşayan Əkbər Səfərli deyir ki, ona Azərbaycanda konkret heç bir təzyiq olmayıb: “Sadəcə mən artıq gördüm ki, müxalifət bilib bir cəbhədə olduqlarımın çoxu saxtakar çıxdı. Düzdür 2000-ci illərin əvvəlində mitinqlərdə aktiv iştirak edirdim və buna görə sutkalıq həbslərdə də olmuşam. Amma sonra görəndə ki, məsələn, Sərdar Cəlaloğlu Rəsul Quliyevdən mümkün qədər çox pul çəkmək üçün mitinqlər təşkil edir və bizdə onun icraçılarına çevrilirik, bu işdən soyudum. Məsələn, Rəsul Quliyev Akif Şahbazova zəng edib deyirdi ki, neçə nəfər mitinqə adam gəlib? Deyirdi 10 min. Eyni zəngə S. Cəlaloğlu isə 50 min deyirdi. Çünki hər adambaşına R. Quliyevdən pul alırdılar. Hətta bir dəfə məlum oldu ki, aksiyalarda saxlanılanların hər adambaşına R. Quliyevdən ayrılan pulları da Bakıda bunlar mənimsəyiblər. Buna etiraz etməyimə görə S. Cəlaloğlu mənimlə konfliktə girdi. Bir sözlə, baş verənlərə dözə bilməyib üz tutdum bura”. Ə. Səfərli deyir ki, o İsveçdə yaşadığı ilk gündən Azərbaycan əleyhinə heç bir işdə olmayıb: “Siyasətdən birdəfəlik uzaqlaşıb burda biznesimi qurdum. Heç kimlə işim yoxdur, əksinə imkanım düşəndə diasporumuza kömək edirəm”.

Qeyd edək ki, İsveçdə Azərbaycandan 235 nəfər siyasi mühacir adı ilə sığınacaq alıb. Lakin Azərbaycandan gedərək, sənədlərini yandırıb, tamam başqa adla İsveçdə qeydiyyatdan keçənlər də var.

Qeyd edək ki, “APA Holding”in Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Sərhəddənkənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Avropanın bir neçə ölkəsində fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR