Sahibə Qafarova: “Azərbaycan mədəniyyətlərarası dialoq mərkəzi kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir”

Sahibə Qafarova: “Azərbaycan mədəniyyətlərarası dialoq mərkəzi kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir”
# 25 yanvar 2016 23:29 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 25-i, günün ikinci yarısında keçirilmiş plenar iclasında sərbəst müzakirələr keçirilib.

APA-nın Strasburq müxbirinin məlumatına görə, bu müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə xanım Qafarova çıxış edib.

S.Qafarova çıxışında bildirib ki, hazırda dünya ictimaiyyəti kifayət qədər çətin suallar qarşısındadır: “Bir tərəfədən qlobal proseslərin iqtisadiyyata vurduğu ağır zərbələr və böhranın fəsadları, digər tərəfdən isə siyasi müstəvidə baş verən qarşıdurmalar ictimaiyyəti ciddi narahat edir. Xüsusilə, ötən ilin sonlarına doğru baş verən və hamımızı kədərləndirən qanlı terror hadisələri bir daha bu reallığı sübut etdi ki, heç bir xalq, heç bir dövlət bu kimi mənfi hadisələrdən sığortalanmayıb. Ona görə də əməkdaşlıq, fərqli dəyərlərə qarşılıqlı hörmət bu gün bəlkə də heç vaxt olmadığı qədər dəyərli və vacibdir. İndiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq çox vacibdir. Çünki dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının çox əhəmiyyətli şərtlərindən biridir”.

S.Qafarova qeyd edib ki, Azərbaycan Respublikası daim məhz bu dəyərlərə və bu niyyətə söykənən xarici siyasət kursu həyata keçirir: “Azərbaycan öz təcrübəsində sübut edib ki, tolerantlıq, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmət, fərqli dinlərin nümayəndələrinə, onların ənənələrinə ehtiram, sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yoludur. Bu gün Azərbaycan həm də mədəniyyətlərarası dialoq mərkəzi, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir”

S.Qafarova bildirib ki, prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib: “Bu, Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm modelinin dünyaya təqdim olunması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda bu, ölkəmizin dünyada sülh və barışa, mədəniyyətlər arasında dialoqa nə qədər əhəmiyyət verdiyini bir daha nümayiş etdirir. Ümidvaram ki, Bakıdan dünyaya verilən bu mesaj lazımi şəkildə qiymətləndiriləcək. Biz sadəcə sülh və əmin-amanlığın, təhlükəsizliyin, beynəlxalq hüquqi norma və prinsiplərin, ədalətin sözdə deyil, əməldə də öz əksini tapmasını istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR