Naxçıvanda avtomobil və mallarla əlaqədar gömrük yığımları müəyyənləşdirilib

Naxçıvanda avtomobil və mallarla əlaqədar gömrük yığımları müəyyənləşdirilib
# 20 may 2016 15:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti "Gömrük yığımlarının məbləğləri"nin təsdiq edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi (tranzit xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərə, həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda həmin malların rəsmiləşdirilməsinə və yük (karqo) manifesti vasitəsilə Naxçıvan Muxtar Respublikasının ərazisində hava gəmilərinin konstruksiyası ilə müəyyən edilmiş tutumlarına doldurulan və heyət üzvlərinin, xidmətedici heyətin, sərnişinlərin istifadəsi və hava gəmisinin istismarı üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:

- gömrük dəyəri 1 000 manata qədər olduqda 10 manat;

- gömrük dəyəri 1 001 manatdan 10 000 manata qədər olduqda 50 manat;

- gömrük dəyəri 10 001 manatdan 100 000 manata qədər olduqda 100 manat;

- gömrük dəyəri 100 001 manatdan yuxarı olduqda isə 275 manat.

Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən tranzit xüsusi gömrük proseduru altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır. Malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır. Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda təqdim edilən sadələşdirilmiş bəyannamələrin rəsmiləşdirilməsi üçün 10 manat məbləğində gömrük yığımı alınır.

Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirilən, o cümlədən müvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 20 manat, digər avtonəqliyyat vasitələri üçün 15 manat gömrük yığımları alınır. Qanunvericiliyə uyğun olaraq gömrük ödənişlərindən azadolma tətbiq edildiyi, elektrik enerjisinin qarşılıqlı ötürülməsi, qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı və qrant müqaviləsi (qərarı) əsasında qrantlar hesabına malların xaricə ixracı və humanitar və texniki yardım məqsədi ilə gömrük sərhədindən keçirilən malların gömrük rəsmiləşdirilməsi zamanı malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının hesablanması bəyannamənin və ya gömrük rəsmiləşdirilməsinə əsas verən müvafiq sənədin gömrük orqanına təqdim edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının ödənilməsi bəyannamə və ya gömrük rəsmiləşdirilməsinə əsas verən müvafiq sənəd təsdiq (qəbul) edilənədək və ya təsdiqi (qəbulu) ilə eyni vaxtda həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR