Azərbaycanın Pakistandakı səfiri Pəncab əyalətində görüşlər keçirib

Azərbaycanın Pakistandakı səfiri Pəncab əyalətində görüşlər keçirib
# 28 noyabr 2015 14:50 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarov ölkənin Pəncab əyalətinə səfər edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, D. Şikarov əyalətin qubernatoru senator Malik Məhəmməd Rafiq Racvana, Lahor sənaye və ticarət palatasının prezidenti Şeyx Məhəmməd Ərşad, gömrük və vergilər naziri Muctaba Şuja-ur-Rehman ilə görüşlər keçirib.

Malik Məhəmməd Rafiq Racvana ilə keçirilən görüşdə səfir Azərbaycan və Pakistan arasında münasibətlərin ən yüksək səviyyədə olmasından qürur duyduğunu qeyd edib, sözügedən münasibətlərin tarixi, dini və mədəni əsasların üstündə durduğunu bildirib.

Diplomat 2012-ci ildə Pakistan Senatının Xocalı Soyqırımını tanıması və bu soyqırımı törədənlərin məsuliyyətə cəlb olunması, həmçinin, 2013-cü ildə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrin qəbul edilməsini yüksək qiymətləndirərək, Pakistanın hər zaman haqq-ədalət yanında olduğunu və bu günə qədər Pakistanın Ermənistan ilə heç bir diplomatik münasibətlər qurmadığına görə təşəkkürünü bildirib.

Şeyx Məhəmməd Ərşad ilə keçirilən görüşdə D. Şikarov Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf, qeyri neft sektorunun, xüsusilə, turizm sektorunun sürətlə inkişaf etdiyini, xarici investorlar üçün Azərbaycanda münbit şərait yaradıldığını diqqətə çatdırıb, pakistanlı iş adamlarını Azərbaycana səfərə dəvət edib.

Muctaba Şuja-ur-Rehman ilə keçirilən görüşdə səfir Azərbaycanın gömrük və vergi sistemi haqqında ətraflı məlumat verib, habelə, Azərbaycan məhsullarının Pakistana ixracı məsələsində gömrük və vergi güzəştlərinin tətbiq edilməsini xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR