"Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?" mövzusunda tədbir keçirilib

"Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?" mövzusunda tədbir keçirilib
# 19 aprel 2016 11:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsinin (VCMK) təşkilatçılığı ilə "Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?" mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu komitənin yaradılması və fəaliyyəti barədə danışıb. Q. İbadoğlu 2014-cü ili vətəndaş cəmiyyəti üçün Azərbaycanda "ən çətin il" adlandırıb: "2014-cü ildən başlayaraq müəyyən məhdudiyyətlərlə qarşılaşmışıq. Təəssüflər olsun ki, bəzi QHT sədrləri həbs olunub, bəziləri ölkəni tərk edib, bəzilərinin bank hesabları bağlanıb. Lakin vətəndaş cəmiyyətinin problemlərinin bir qismi artıq həll olunub. Bu, bizim üçün sevindirici haldır".

"Rasional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl mövzu ətrafında məruzə ilə çıxış edib. O, hazırda QHT-lərə qarşı münasibətin dəyişməsinin sevindirici hal olduğunu söyləyib: "Ancaq bununla yanaşı, deyə bilərik ki, son 2 ildə QHT-lərin maliyyə durumu olduqca acınacaqlıdır, fəaliyyəti üçün imkanlar məhduddur. Bir çox təşkilatların fəaliyyət göstərməsi üçün ofisləri yoxdur. Bir çoxları qeydiyyat məsələsində çətinlik çəkir. Bu baxımdan düşünürəm ki, azad cəmiyyət üçün vətəndaş cəmiyyəti institutlarına geniş imkan yaradılmalıdır".

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə bildirib ki, QHT-lərin qeydiyyatının sadələşdirilməsi, qrant layihələri və digər məsələlərlə bağlı müzakirələr aparılıb və qanun layihəsi şəklində təqdim olunacaq: "Hazırda 18 QHT-nin 12-nin bank hesabına qoyulan həbs götürülüb və bu proses davam edir. QHT sədrlərinin sərhəd-keçid məntəqələrində yoxlanılması dayandırılıb. Eyni zamanda, bəzi siyasi fəalların həbsdən azad olunması istiqamətində də müzakirələr aparılır".

Prezident Administrasiyasının ictimai-siyasi şöbənin məsləhətçisi Gülsel Səfərova çıxışında qeyd edib ki, Azərbaycan hökuməti həmişə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm addımlar atıb: "Çox maraqlıdır, əgər xarici donor Azərbaycanda fəaliyyət göstərirsə, niyə qeydiyyatdan keçməkdə maraqlı olmur? Bu gün Azərbaycanda 15 daxili struktur QHT-lərə yardım edir və QHT-lərin də ölkənin milli maraqlarına xidmət etməsinə şərait yaradır. Bundan sonra da vətəndaş cəmiyyətinin təklifləri hökumət tərəfindən nəzərə alınacaq".

Tədbirin yekununda qətnamə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR