Komitə: Təqvim ayrıseçkiliyi halları aşkarlansa, ciddi tədbirlər görüləcək

Komitə: Təqvim ayrıseçkiliyi halları aşkarlansa, ciddi tədbirlər görüləcək
# 26 may 2016 10:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramazan ayında monitorinqlər keçirəcək.

APA-nın məlumatına görə, bunu Komitənin sədr müavini Siyavuş Heydərov Qafqaz Müsəlmanları İdarəsində keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, əgər monitorinq zamanı təqvim ayrıseçkiliyi halları aşkarlanarsa, ciddi tədbirlər görüləcək: “Barələrində görülən tədbirlər mövcud qanunvericilik bazasında olacaq. Əgər hansısa şəxslər bu təqvimi yayarsa, bizim mövcud qanunvericiliyə uyğun olaraq, bu, dini etiqad azadlığının pozulması, eləcə də dini zəmində qarşıdurma yaradılması kimi qiymətləndirilərək ona hüquqi qiymət veriləcək. Sizlərdən xahişimiz budur ki, əgər belə hallarla rastlaşarsınızsa, bizə məlumat verilərsə, o şəxslərin cəzalandırılması məqsədilə hüquq-mühafizə orqanları ilə birgə zəruri tədbirlərimizi görəcəyik”.

S. Heydərov vurğulayıb ki, dini ədəbiyyatın satışı ilə məşğul olan bəzi mağazalarda da belə təqvimlərin satışı aşkarlansa, orada da müvafiq tədbirlər görüləcək: “Həmin kitab satış məntəqələrində hər hansı dini təyinatlı ədəbiyyat, əşya satılması üçün müvafiq icazə olmalıdır. Eyni zamanda bildiyiniz kimi ötən ildən həmin ədəbiyyatlara nəzarət markası vurulur. Əgər o ədəbiyyat Komitənin icazəsi ilə satışa çıxarılıbsa, onun üzərində mütləq nəzarət markası olmalıdır. Əgər bu, nəzarət markasız satılarsa, bunun da cinayət məsuliyyəti var”.

Komitə sədrinin müavini bildirib ki, belə şəxslərlə də işləmək lazımdır: “Bu məsələnin siyasi, hüquqi tərəfini onlara anlatmaq lazımdır. Onlar belə hərəkət edərlərsə, bizim birliyimizə, vəhdətimizə böyük ziyan vura bilərlər. Bu vəhdət asan əmələ gəlməyib. Bu gün Azərbaycandakı bu vəhdət min bir əziyyətlə, ölkəmizin yürütdüyü düzgün siyasətlə əldə olunub. Dünyaya nümunə olacaq bir vəhdətimiz var. Bu gün bizim dünyaya nümunə olacaq tolerantlıq, multikulturalizm modelimiz var. Azərbaycan kiçik ölkə olsa da, Azərbaycanda böyük məsələlər, qlobal təhlükəsizlik məsələləri müzakirə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR