Azərbaycanda kommunal maşınların istehsalı 93%-dən çox artıb

Azərbaycanda kommunal maşınların istehsalı 93%-dən çox artıb
# 15 avqust 2016 11:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 156,5 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 10,9%, sair nəqliyyat vasitələrinin istehsalı 2,3% azalıb, avtomobil və qoşquların istehsalı isə 26,8% artıb.

Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 107 ədəd hazır minik avtomobili istehsal edilib ki, bu da ötən ilin analoji dövri ilə müqayisədə 67,1% azdır. Nəticədə bu ilin avqust ayının 1-nə 182 ədəd hazır minik avtomobili ehtiyatı yaranıb.

Bu ilin yeddi ayı ərzində ölkədə 272 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin 7 ayı ilə müqayisədə 49,5% çoxdur.

Bundan başqa, bu ilin yeddi ayı ərzində 842 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Bu da əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 93,6% çoxdur. Nəticədə bu ilin avqustun 1-nə 244 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-iyul ayları ərzində 602 ədəd traktor istehsal edilib ki, bu da 2015-ci ilin 7 ayı ilə müqayisədə 1,3% azdır. Nəticədə bu ilin avqustun 1-nə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda yüklərin daşınması üçün sair qoşqular və yarımqoşquların istehsalı 10,4% artıb. Belə ki, bu müddət ərzində 138 ədəd avadanlıq istehsal olunub. Nəticədə bu ilin avqustun 1-nə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR