Ukrayna Azərbaycan və Gürcüstandan tranzit haqlarını ikiqat azaltmağı xahiş edir

Ukrayna Azərbaycan və Gürcüstandan tranzit haqlarını ikiqat azaltmağı xahiş edir
# 09 fevral 2016 13:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ukrayna tərəfi Azərbaycan və Gürcüstanın dəmir yolları qurumlarının rəhbərlərinə rəsmi şəkildə müraciət edərək bu ölkədən olan məhsulların tranzit haqlarının aşağı salınmasını xahiş edib. "APA-Economics" xəbər verir ki, bu barədə Ukraynanın "Ukrzaliznıtsya" müəssisəsinin rəsmi nümayəndəsi İvan Xoryakov bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Gürcüstan və Azərbaycandan olan həmkarlarına ünvanlanan müraciətdə tariflərin 50% azaldılmasını xahiş edib: "Biz ümid edirik ki, bizim xahişimizə müsbət cavab veriləcək. Bununla da biz daşımaların xərclərini dəfələrlə azaltmış olarıq".

Xatırladaq ki, yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər. Müvafiq protokolu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin rəisi Mamuka Baxtadze və “Ukrayna Dəmir Yolu” SC-nin İdarə heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy imzalayıblar.

Qeyd edək ki, bu ilin mart ayından etibarən Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmir yolu marşrutunun kommersiya istismarına başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR