Şahin Əliyev DTX-ya yeni vəzifə həvalə olunması haqqında yayılmış məlumata aydınlıq gətirib

Şahin Əliyev DTX-ya yeni vəzifə həvalə olunması haqqında yayılmış məlumata aydınlıq gətirib
# 17 fevral 2016 14:27 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev fevralın 16-da bəzi KİV-də Dövlət Təhlükəsizliyi Xidmətinə yeni vəzifə həvalə olunması haqqında yayılmış məlumata aydınlıq gətirib.

Ş. Əliyev "Azərtac"a açıqlamasında bildirib ki, söhbət “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli Fərmanından gedir: "Həmin Fərmanın 5.69-cu bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 597-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərə, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, digər hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Bu bənd İnzibati Xətalar Məcəlləsinin 597-ci maddəsinə aiddir. Həmin maddədə söhbət qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasından gedir. Bu maddə xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş bütün hüquqi şəxslərə yox, yalnız həmin şəxslər tərəfindən təsis edilmiş özəl mühafizə müəssisələrinə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) şamil edilir.

Həmçinin bu vəzifə heç də yeni vəzifə deyil. Xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş və mühafizəçilərinin fiziki qüvvə və xüsusi vasitələrdən istifadə etmək hüququ olan özəl mühafizə müəssisələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyətinə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən nəzarət edilməsi imkanları İnzibati Xətalar Məcəlləsinin əvvəlki redaksiyasında da (maddə 348-2) və həmin Məcəllənin tətbiqi barədə 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanın 3.49-cu bəndində də nəzərdə tutulub. Bu maddə İnzibati Xətalar Məcəlləsinin əvvəlki redaksiyasına “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar 2007-ci oktyabrın 19-da, Məcəllənin tətbiqi barədə 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanın 3.49-cu bəndi isə 2007-ci il noyabrın 23-də həmin Fərmana əlavə edilib".

Qeyd edək ki, APA İnformasiya Agentliyində 16 fevral 2016-cı il tarixində yayılmış xəbərdə qeyd olunub ki, Dövlət Təhlükəsizlik Xidmətinə yeni vəzifə həvalə olunub.

APA-nın məlumatına görə, bu Аzərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə 15 fevral 2015-ci il tarixli fərmanında əksini tapıb.

Martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsinə əsasən özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.

Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslərə, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərə, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərə münasibətdə bu barədə məlumatlar 3 gün müddətində Dövlət Təhlükəsizlik Xidmətinə təqdim olunmalıdır. Bu məlumatların təqdim olunmamasına görə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.

Xatırladaq ki, 2007-ci ildə Dövlət Təhlükəsizlik Xidməti adlı qurum mövcud olmayıb. Həmin dövrdə Milli Təhlükəsizlik Nazirliyi mövcud olub. Bu nazirlik isə 2015-ci ildə ləğv edilib, bu qurumun nəzdində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Ona görə də yuxarıda qeyd edilən vəzifənin bu iki qurumdan məhz birinə, yəni Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi yenilik kimi təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR