Nazir Samir Şərifov isveçrəli həmkarı ilə görüşüb

Nazir Samir Şərifov isveçrəli həmkarı ilə görüşüb
# 15 iyul 2016 15:44 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün maliyyə naziri Samir Şərifov İsveçrənin maliyyə naziri Uli Maurerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və İsveçrə arasında olan ikitərəfli münasibətlər müzakirə edilib, həmçinin beynəlxalq maliyyə qurumlarında, o cümlədən Beynəlxalq Valyuta Fondu və Dünya Bankında İsveçrənin rəhbərlik etdiyi seçki qruplarında iki ölkə arasındakı uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib.

S. Şərifov İsveçrəli həmkarına prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə qeyri-neft sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verərək, gələcəkdə ölkənin ixrac potensialının əsasən kənd təsərrüfatı məhsullarının istehsalı, nəqliyyat, turizm və yaradılan sənaye parklarının təşkil edəcəyini bildirib.

U. Maurer öz növbəsində Azərbaycanın qısa müddət ərzində yüksək templərlə inkişaf etdiyini vurğulayaraq, bununla da Avropa ölkələri arasında Azərbaycanın böyük rəğbət qazandığını bildirib və gələcəkdə İsveçrə-Azərbaycan münasibətlərinin möhkəmlənərək, əməkdaşlıq əlaqələrinin daha da artırılmasında maraqlı olduqlarını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR