“Azərbaycan Dəmir Yolları” QSC-nin idarəetmə qaydası dəyişib

“Azərbaycan Dəmir Yolları” QSC-nin idarəetmə qaydası dəyişib
# 04 aprel 2016 12:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarəetmə qaydası dəyişib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb. Dəyişikliyə əsasən, bundan sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müavinləri eyni zamanda Cəmiyyətin müvafiq qurumunun (daxili audit istisna olmaqla) rəhbəri vəzifəsini tuta biləcəklər. Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri daxilində Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edən kollegial idarəetmə orqarı olan İdarə Heyətinin tərkibi də dəyişib. İdarə Heyətinin tərkibi 11 nəfərdən - Cəmiyyətin sədri, birinci müavini və digər 3 müavinlərdən, “Naxçıvan Dəmir Yolları” MMC-nin direktorundan, həmçinin Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilən müvafiq qurumların rəhbərlərindən ibarət olub. Dəyişikliyə əsasən İdarə Heyətinin tərkibi 11 nəfərdən 7 nəfərə endirilb. İdarə Heyətinin tərkibi Cəmiyyətin sədrindən, sədrin birinci müavinindən və digər dörd müavinindən, habelə “Naxçıvan Dəmir Yolları” MMC-nin direktorundan ibarət olacaq. Beləliklə, “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavinlərinin sayı da 3-dən 4-ə çatdırılıb.

Dəyişikliklərə əsasən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin səlahiyyətləri də artırılıb. Bundan sonra Cəmiyyətin İdarə Heyəti, Cəmiyyətin sədri tərəfindən təsdiq edilmiş reqlamentə əsasən fəaliyyət göstərəcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cəmiyyətin strukturuna daxil olan qurumların rəhbərlərini, onların müavinlərini, habelə baş mühasiblərini vəzifəyə təyin və vəzifədən azad edəcək. Əgər əvvəllər Cəmiyyətin sədri Cəmiyyətin nümayəndəlik və filiallarına, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarına göstərişlər verirdisə, bundan sonra Cəmiyyətin sədri Cəmiyyətin strukturuna daxil olan qurumlara icrası məcburi olan göstərişlər verəcək. Əgər əvvəllər “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin yalnız Cəmiyyətin fəaliyyətində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə qurumların yaradılması, yenidən təşkil olunması və ləğv edilməsi barədə təkliflər vermək səlahiyyəti olubsa, bundan sonra Cəmiyyətin fəaliyyətində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi barədə qərar qəbul etmək səlahiyyəti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR