Prezident İlham Əliyev “Sovetski”də yol-nəqliyyat infrastrukturunun təməlini qoyub

Prezident İlham Əliyev “Sovetski”də yol-nəqliyyat infrastrukturunun təməlini qoyub
# 04 avqust 2016 09:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub.

APA-nın məlumatına görə, dövlət başçısına paytaxtın “Sovetski” kimi tanınan ərazisində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verilib.

Bu ərazidə aparılacaq işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulur. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına layihənin icrası ilə bağlı məlumat verib. Bildirilib ki, 3827 yaşayış və qeyri-yaşayış sahəsi sahibləri müvafiq qaydada kompensasiya ilə təmin ediliblər. Ümumilikdə, 219 obyekt üzrə vətəndaşlar yaşayış sahəsi ilə təmin olunub. Yaşayış sahəsi ilə təmin edilənlər əsasən 12-16 kvadratmetr sahədə, olduqca ağır kommunal şəraitdə yaşayan ailələr olub. Keçmiş “Sovetski” ərazisində satın alınan obyektlərdən 249-nun isə söküntüsü “Azəravtoyol” ASC tərəfindən davam edir. Burada ümumi uzunluğu 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılacaq.

Prezident İlham Əliyev keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub. O, görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR