“Azərkosmos” Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb

“Azərkosmos” Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb
# 23 oktyabr 2015 15:07 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün "Azərkosmos" ASC və Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi arasında "Azersky" peykindən əldə olunan təsvirlərin “Torpaq Sahələrinin İdentifikasiya Sistemi” (TSİS) layihəsi çərçivəsində kənd təsərrüfatında istifadəsi üzrə müqavilə imzalanıb.

"Azərkosmos"dan "APA-Economics"ə verilən məlumata görə, TSİS layihəsi Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir və bu layihəyə əsasən, əldə ediləcək peyk təsvirlərindən rəqəmsal ortofotolar alınması üçün istifadə ediləcək. Peyk təsvirlərinin məhz bu layihədə istifadəsi həm kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, həm də digər təyinatlı torpaq sahələrinin identifikasiyası üçün nəzərdə tutulub. Müqaviləyə əsasən, peyk təsvirlərinin bir hissəsi Azersky peyki ilə, digər hissəsi isə "Azərkosmos"un partnyoru olduğu “Airbus Defence and Space” şirkətinin 0,5 m ayrıdetməli "Pleiades" peyki ilə çəkiləcək. Çəkilişlərin bu ilin sonuna kimi yekunlaşacağı planlaşdırılıb.

Xatırladaq ki, bu ilin 22 aprel tarixində “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində "Azərkosmos"un və Fransanın “Airbus Defence və Space” şirkətinin əməkdaşlarının birgə təşkil etdiyi Yerin məsafədən müşahidə peyki olan "Azersky" peyki vasitəsilə əldə olunan peyk təsvirlərinin kənd təsərrüfatı sahəsində tətbiqi mövzusuna dair seminarda bu layihələrlə bağlı müzakirələr olub. Aidiyyəti benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR