Xaçmazda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir

Xaçmazda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir
# 28 noyabr 2015 12:04 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz rayonunun ümumtəhsil müəssisələrinin müəllimləri üçün diaqnostik qiymətləndirmə imtahanlarının keçirilməsinə başlanılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz Olimpiya İdman Kompleksində iki gün ərzində keçiriləcək diaqnostik qiymətləndirmədə 2300-dən çox müəllimin iştirakı nəzərdə tutulur. Eyni zamanda, 500 nəfərin imtahan verməsi üçün şərait yaradılıb.

Diaqnostik qiymətləndirmə imtahanları elektron proqram təminatı vasitəsilə həyata keçirilir. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları 90 dəqiqə ərzində aparılır. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı təqdim olunub. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir.

Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab verən müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Keçid balını toplamayan, eləcə də aşağı bal toplayan müəllimlər növbəti diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edə biləcəklər.

Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrinin (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) müəllimləri iştirak edirlər.

Xaçmaz rayonunun ümumtəhsil müəssisələrinin müəllimləri üçün diaqnostik qiymətləndirmə imtahanları noyabrın 29-da yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR