Tiflisdə sərhədyanı ərazilərdə baş verən qəzaların idarə edilməsinə dair təlim keçirilib

Tiflisdə sərhədyanı ərazilərdə baş verən qəzaların idarə edilməsinə dair təlim keçirilib
# 29 yanvar 2016 14:04 (UTC +04:00)

Azərbaycan və Gürcüstan arasında sərhədyanı ərazilərdəki qəzalarla bağlı “qaynar xətt”in yaradılması məqbul sayılmayıb

Bakı-APA. Tbilisidə dövlət və qeyri-dövlət strukturlarının iştirakı ilə sərhədyanı ərazilərdə baş verən qəzaların idarə edilməsinə dair təlim təşkil edilib.

APA-nın məlumatına görə, təlimin təşkilatçıları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Dünyəvi Yol Təhlükəsizliyi üzrə Tərəfdaşlıq Birliyi (GRSP), Gürcüstanın Qızıl Xaç Cəmiyyəti, Gürcüstanın Yol təhlükəsizliyi üzrə Alyansın İdarə Heyəti olub.

Əsas məqsəd GRSP-nin başçılıq etdiyi TRACECA “Yol Təhlükəsizliyi II” layihəsi çərçivəsində Gürcüstan və Azərbaycanın sərhədlərində tətbiq edilə biləcək pilot proqramının və irəli sürülən təkliflərin müzakirəsi olub. TRACECA layihəsi 2014-cü ildən regional səviyyədə həyata keçirilir. Bu layihə çərçivəsində bir sıra işçi qrup yaradılıb, təlimlər təşkil edilib. Bu proqram çərçivəsində irəli sürülən təkliflər sərhədyanı ərazilərdə baş verən qəzaların təhlilini və qiymətləndirilməsini, qəzalarda fövqəladə hallar xidmətinin səmərəli fəaliyyətinin artırılmasını, “Vahid Zəng” adlı fövqəladə hallar üçün nəzərdə tutulmuş qaynar xəttin yaradılmasını və gələcəkdə məsələnin inkişafı istiqamətində aparılacaq işləri əhatə edir. Azərbaycan və Gürcüstanı təmsil edən nümayəndə heyətləri sərhədlərdə baş verən yol qəzaları haqqında məlumatlar verib. Müzakirələr əsasında maneələrin aradan qaldırılması üçün tətbiq oluna biləcək fəaliyyət planları işlənilib. Fəaliyyət planlarının tərtib olunması zamanı qeyd edilib ki, artıq hər iki tərəfdə qəza zamanı istifadə olunan 112 və 102 nömrələri var və yeni nömrənin yaradılmasındansa olan nömrələrin effektiv istifadəsi daha səmərəlidir. Belə bir yanaşma magistral yolların yaxınlığında zədə qayğı mərkəzlərinə də aiddir. Lakin qarşılıqlı əməkdaşlıq çərçivəsində ilk yardım kurslarının təşkil olunması üçün hər ölkədə mövcud olan Milli Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyətlərinə müraciət etmək, cəmiyyətlərin gücündən və potensialından, məsələn yol qəzaları olan ərazilərdə yerli bölmələrin işçi heyəti və könüllülərin köməyindən istifadə etmək mümkündür. Təlimin sonunda qərara alınıb ki, fəaliyyət planları bir daha iştirakçıların son müzakirəsinə çıxarılsın və fəaliyyət planlarının tətbiq ediləcək zamanı müəyyənləşdirilsin.

Qeyd edək ki, təlimdə respublikamızı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibin müavinləri Xalidə İsgəndərova və Səbinə Məhbubi - İran, Dövlət Sərhəd Xidmətinin hüquq idarəsinin rəisi Qinyaz Qaralov, Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyi təbliği və İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru İsa Deystani, Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzinin böhranların idarə edilməsi idarəsinin rəisi Zaur Kərimov və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR