“Azəravtoyol”: Nardaranda Abşeron küçəsinin yenidən qurulması tam yekunlaşıb

“Azəravtoyol”: Nardaranda Abşeron küçəsinin yenidən qurulması tam yekunlaşıb
# 29 mart 2016 12:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi məqsədi ilə aparılan işlər çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron küçəsinin yenidən qurulması tam yekunlaşıb.

“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəflinin APA-ya verdiyi məlumata görə, küçə tam yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

A. Nəcəfli deyib ki, bundan əvvəl küçənin uzunluğu 2,2 km, mövcud eni isə ortalama 8 m olub. Bundan əvvəl küçənin ensiz olması, uzun müddət təmir edilməməsi, hərəkət hissəsinin sıradan çıxmış olması, piyada səkilərinin olmaması və yolun işıqlandırılmaması vətəndaşların gediş-gəlişində çətinliklər yaradıb. Yenidən qurulan küçədə isə bu problemlər tam aradan qaldırılıb. Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 m-ə çatdırılıb. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılıb. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilib.

Genişləndirilmiş küçə boyu yeni hasarlar tikilib, suvanıb və rənglənib, sakinlərin həyətlərinin girişinə estetik baxımından küçəyə gözəllik qatan yeni darvazalar qoyulub. Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri ( qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilib, köhnələri isə tamamilə təzələnib. Küçə boyu hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib, 4500 p/m yeni səki daşı düzülüb. Abşeron küçəsinin Nəsrulla Əsgərov küçəsi ilə kəsişməsində 10 m diametrində yeni dairə inşa edilib.

Artıq Nardaranda Nəsrulla Əsgərov küçəsində də yenidənqurma işlərinə hazırlıq başlanıb və yaxın müddətdə bu küçədə də yenidənqurma işlərinə başlanılacaq. Bu küçənin hazırda eni 6-7 metrdir. Aparılacaq işlər çərçivəsində 780 metr uzunluğundakı küçənin eni genişləndirilərək 16 metrə çatdırılacaq. Nəsrulla Əsgərov küçəsi 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarət olacaq. Bu küçədə də hər iki istiqamət üzrə 2 m enində yeni piyada səkiləri tikilərək, səkilərin kənarlarına 1500 p/m səki daşı düzülərək, ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.

A. Nəcəfli bildirib ki, bu küçədə də kifayət qədər yaşayış və qeyri-yaşayış sahələri var: “Onların söküntüsü işləri aparılmalıdır, hazırda bununla bağlı hazırlıq işləri gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR