Azərbaycanda mövcud olan zəhərli ilan növlərinin sayı açıqlanıb

Azərbaycanda mövcud olan zəhərli ilan növlərinin sayı açıqlanıb
# 11 may 2016 10:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda mövcud olan zəhərli ilan növlərinin sayı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, Azərbaycanın herpetofaunasında təbii resursu istehsal məqsədilə istifadə etməyə imkan verən zəhərli ilan növü Levantiya irigürzəsidir. Cənubi Qafqazda bu ilan növü əsasən, Azərbaycanda yayılıb. Ölkədə məhdud ərazidə yayılmış və sayca az olan daha 4 zəhərli ilan növü mövcuddur: "Zəhərli ilanlar faunasının biomüxtəlifliyi, bu ilan növlərinin müasir ekoloji vəziyyəti barədə məlumatların əldə edilməsi üçün xüsusi tədqiqatların aparılmasına ehtiyac var. Cənubi Qafqazda Azərbaycanın sürünən heyvanlar faunası növ müxtəlifliyi baxımından daha zəngindir. Herpetofauna resursları arasında zəhərli ilanlar xüsusi yer tutur. Qiymətli tibbi xammal olan zəhərinə görə bu ilan növləri iqtisadi cəhətdən faydalı olmaqla yanaşı, həm də insan üçün təhlükəli zəhərli sancmalarına görə sosial əhəmiyyət daşıyır. İlan zəhəri əczaçılıq sənayesində müxtəlif müalicəvi və profilaktik dərmanların, ilan sancması zamanı istifadə olunan qan zərdablarının, habelə profilaktik kosmetika məhsullarının istehsalında istifadə edilir. İlan zəhəri və onun tərkibindəki ayrı-ayrı bioloji aktiv komponentlər (fermentlər) fundamental diaqnostik tibbi-bioloji tədqiqatlarda da geniş tətbiq olunur. Hazırda dünyanın müxtəlif ölkələrində ilan zəhərinin yeni tətbiq sahələrinin axtarışı davam etdirilir, o cümlədən xərçəng və QİÇS xəstəliyinin müalicəsində istifadə perspektivləri öyrənilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR