Bakı Milli geyim evinin “Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsi keçirilib

Bakı Milli geyim evinin “Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsi keçirilib
# 18 mart 2016 08:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Muzey Mərkəzində Bakı Milli geyim evinin “Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, geyim evinin bədii rəhbəri Könül Vəlibəyli hər il Novruz bayramından əvvəl ənənəvi olaraq bu layihəni həyata keçirdiklərini deyib. Bildirib ki, dəfilədə Azərbaycanın bütün bölgələrinə xas olan 20-dən çox qadın, kişi və uşaq geyimləri nümayiş olunacaq. Geyimlərin hər biri əl işidir və geyim evinin kollektivi tərəfindən hazırlanıb.

K. Vəlibəyli onu da diqqətə çatdırıb ki, bir neçə ildir bu layihə ilə yanaşı, Bakı milli geyim evinin 50-dən çox geyimi ənənəvi olaraq hər il keçirilən Novruz bayramı şənliyində sərgilənəcək.

Dəfilədə qız və oğlanlar milli geyimləri “Sarı gəlin”, “Azərbaycan maralı” və “Laçın” xalq mahnılarının, Ü.Hacıbəylinin “Arazbarı” ritmik muğamı, Q.Qarayevin “Yeddi gözəl” baletindən valsın sədaları altında rəqs edərək nümayiş ediblər.

Qeyd edək ki, Bakı milli geyim evi 2009-cu ildə təsis olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR