Gürcüstanda orta məktəblərdə son zəng keçirilib

Gürcüstanda orta məktəblərdə son zəng keçirilib
# 20 may 2016 23:30 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Mayın 20-də Gürcüstanda fəaliyyət göstərən orta məktəblərdə son zəng tədbirləri keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundakı 74 məktəbdə, o cümlədən 49 Azərbaycandilli orta məktəblərdə məzunlar üçün son zəng qeyd olunub.

Marneuli rayonundakı Alget 1 nömrəli orta məktəbdə keçirilən son zəng tədbirində Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri Ruslan Hacıyev, məktəb direktoru Musa Omarov və məktəbin ibtidai sinif və gürcü dili müəllimləri və şagirdlər çıxış edərək bu il məktəbi bitirən 16 nəfər XII sinif məzunlarına uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən məktəbin məzunları şerlər söyləyib, “Arşın mal alan” və “Qaynana” komediyalarından səhnəciklər nümayiş etdiriblər. Məzunlardan Sabir Namazov və Səkinə Məmmədovanın “Arşın mal alan” komediyasındakı rolları son zəng iştirakçılarının alqışlarına səbəb olub.

Marneulinin Alget 1 nömrəli ictimai məktəbin direktoru Musa Omarov APA-ya açıqlamasında məktəbdə 426 nəfər şagirdə 53 müəllimin dərs dediyini bildirib: “Məktəbimiz müasir standartlara uyğun tikilib və məktəb kompüterlərlə, istilik sistemi, su ilə təchiz olunub, həmçinin digər lazımi avadanlıqlarla təmin olunub. Bu il məktəbimizdən 22 məzun Gürcüstan ali məktəblərinə qəbul olunmaq üçün qeydiyyatdan keçib. Məktəbimizi bitirən məzunlar gürcü dilini mükəmməl bilir və onlara 8 gürcü dili müəllimi dövlət dilini tədris edib. Sevindirici haldır ki, keçən il məzunlarımızdan 17 nəfər Gürcüstanın müxtəlif ali məktəblərinə qəbul olublar,” məktəb direktoru vurğulayıb.

Qeyd edək ki, bu il Gürcüstanda 45 minədək abituriyent ali məktəblərə qəbul üçün qeydiyyatdan keçib və bu rəqəmdən 1200-dək abituriyent Azərbaycandilli məktəblərin məzunlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR