Almaniyada yaşayan azərbaycanlılar etiraz bəyanatı yayıblar

Almaniyada yaşayan azərbaycanlılar etiraz bəyanatı yayıblar
# 20 aprel 2016 11:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Almaniyanın Bielefeld və Düsseldorf şəhərlərində yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı son günlər həyata keçirdiyi təxribatlara qarşı keçirdikləri etiraz aksiyasının təhrif olunması və başqa məqsədlərə istiqamətlənməsi ilə bağlı bəyanat yayıblar.

Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir:

“Aprelin 17-də təşkilatçılığımızla Almaniyanın Düsseldorf şəhərində aprel ayının ilk günlərində Ermənistan ordusunun Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədi ilə aksiya keçirilib. Aksiyada bu ölkədə yaşayan azərbaycanlılar və türklər iştirak ediblər. Etiraz mitinqində “Qarabağ Azərbaycanındır!”, “Xocalı Soyqırımını unutmayaq!”, "Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır" kimi şüarlar səsləndirilib. Aksiyada çıxış edənlər son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin törədilməsini və dinc əhalinin qətlə yetirilməsini kəskin şəkildə pisləyiblər. Lakin Azərbaycanda fəaliyyət göstərən bəzi KİV-lərdə sözügedən aksiyanın məzmun və məqsədi yanlış şəkildə təqdim edilib, aksiya ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar qeyd olunub”.

Bəyanat müəllifləri belə həssas mövzuların siyasiləşdirilməsinin yolverilməz olduğunu bildirməklə yanaşı qeyd ediblər ki, bu cür əsassız, həqiqətə uyğun olmayan məlumatların yayılması Azərbaycanın milli və dövlətçilik maraqlarına ziddir. “Düsseldorfda yaşayan və sözügedən aksiyada iştirak edən azərbaycanlılar da Azərbaycanda fəaliyyət göstərən bəzi KİV-lərin bu cür yanlış məlumatlar yaymasından dərin narahatlığını bildirir, Azərbaycan dövləti və xalqı üçün xüsusi əhəmiyyət kəsb edən həssas mövzularda birlik və həmrəylik göstərmək əvəzinə, baş verənlərin əsassız şəkildə siyasiləşdirilməsini qəti şəkildə qınayır. Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti olaraq Düsseldorfda yaşayan və aksiyada iştirak edən azərbaycanlılar adından sözügedən KİV-lərə kəskin şəkildə etiraz edir, yayılan yanlış məlumatlarla bağlı təcili olaraq təkzib verilməsini tələb edirik”, - deyə bəyanatda vurğulanıb.

Təşkilat aksiya ilə bağlı foto sübutlar da yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR