BANM ilə British Council arasında əlaqələrin genişlənməsi barədə razılığa gəlinib

BANM ilə British Council arasında əlaqələrin genişlənməsi barədə razılığa gəlinib
# 02 avqust 2016 09:32 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbi (BANM) və British Council ikitərəfli əlaqələrini genişləndirmək barədə razılığa gəliblər. Bu barədə BANM-in rektoru Elmar Qasımovla British Council-in ölkə üzrə direktoru Elizabet Vayt arasında Ali Məktəbdə keçirilmiş görüş zamanı müzakirələr aparılıb.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Elmar Qasımov British Council ilə əməkdaşlığın ən yüksək səviyyədə davam etdiyini qeyd edərək hər il British Council tərəfindən təşkil olunan IELTS imtahanlarında Ali Məktəbin tələbələrinin uğurlu nəticələr göstərdiyini, bu ilki nəticələrin daha yüksək olduğunu, xüsusilə BANM-in Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbəsi Fidan Quliyevanın tələbələr arasında ən yüksək nəticə göstərərək 8.5 bal toplamasını qonağın diqqətinə çatdırıb.

Elizabet Vayt BANM-lə mövcud əlaqələrdən olduqca məmnun olduğunu bildirərək Birləşmiş Krallığın müvafiq qurumları ilə əməkdaşlıq edən ali təhsil müəssisələri sırasında BANM-in xüsusi yer tutduğunu vurğulayıb. O, BANM ilə Heriot-Vatt Universiteti arasında əlaqələrin British Council tərəfindən daim diqqət və maraqla izləndiyini, Böyük Britaniyanın müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin yaradılması və inkişafında hərtərəfli dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Görüşdə British Council-in dəstəyi ilə BANM-də Birləşmiş Krallığın tarixi və mədəniyyəti ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin keçirilməsi barədə də razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR