Qaçqın və məcburi köçkünlərin aylıq enerji normasının azaldılması təklif olunur

Qaçqın və məcburi köçkünlərin aylıq enerji normasının azaldılması təklif olunur
# 23 fevral 2016 15:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatası qaçqınların kommunal xərclərinin ödənilməsi ilə bağlı Milli Məclisə təkliflər təqdim edib.

APA-nın məlumatına görə, Hesablama Palatası həyata keçirilən nəzarət tədbirlərinin məskunlaşmamış qaçqınlara və məcburi köçkünlərə istifadə etdikləri elektrik enerjisinin haqqının ödənilməsi ilə bağlı təklif irəli sürmək imkanı verdiyini açıqlayıb.

Hesablama Palatası qeyd edib ki, 2012-2014-cü illərdə bu istiqamətdə dövlət büdcəsindən 60-61 mln. manat məbləğində vəsait icra edilib. Məskunlaşmamış qaçqınlara və məcburi köçkünlərə istifadə etdikləri kommunal, nəqliyyat və digər xidmətlərin əvəzində müavinət ödənilməsi “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanında nəzərdə tutulub. Fərmanın icra mexanizmi Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqınların və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası” ilə müəyyən olunub. Qaydaya əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin istifadə etdikləri kommunal, nəqliyyat və digər xidmətlərin, o cümlədən elektrik enerjisinin dəyəri mərkəzləşdirilmiş qaydada xidmət təşkilatlarına ödənilir. Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" 2005-ci il 23 iyun tarixli qərarı ilə elektrik enerjisinin adambaşına müəyyən edilmiş istehlak norması 50kVt/saat, 2002-ci il 22 yanvar tarixli nömrəli qərara əsasən isə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin elektrik enerjisi norması adambaşına aylıq 150 kVt/saat təsdiq edilib.

Aparılmış təhlillər göstərir ki, məskunlaşmamış qaçqınlar və məcburi köçkünlər tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisinin həcmi yerli əhalinin istehlak həcmindən nəzərəçarpacaq dərəcədə çoxdur. Bu fərq eyni yaşayış şərtlərinə malik yerli və məcburi köçkün ailələrinin istehlakında da müşahidə edilir. Xidmət göstərən təşkilatlardan alınmış məlumatlara görə respublikanın bütün rayon və şəhərlərində yerli əhalinin orta istehlak göstəricisi 60-80kVt/saat həcmindədirsə, imtiyazlı kateqoriya üzrə bu göstərici 150kVt/saat, başqa sözlə, normativ aktla müəyyən edilmiş həcmdədir. Bu meyl respublika üzrə qazla təchizat səviyyəsinin genişləndiyi bir şəraitdə belə dəyişməz qalıb. Qeyd edilənlər, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş geniş miqyaslı tədbirlər, respublika ərazisinin, demək olar ki, tam olaraq qazla təchiz edildiyi, həmçinin məcburi köçkünlərin istehlak normasının digər kateqoriyalarla müqayisədə yüksək müəyyən edilməsinin qeyri-səmərəli istehlaka yol açdığı nəzərə alınaraq məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin elektrik adambaşına aylıq enerjisi normasına yenidən baxılması təklif olunur.

Aparılmış araşdırmalar nəticəsində imtiyazlı kateqoriyadan olan şəxslərə büdcə vəsaitləri hesabına qanunvericilikdə müəyyən edilmiş güzəştlə ödənilən xidmət növləri sırasında nəzərdə tutulmadığı halda, məcburi köçkünlərin əkin sahələrinin suvarılması üçün əlavə vəsaitlər ödənildiyi də müəyyən edilib. “Azərsu” ASC-yə məcburi köçkünlərə su və kanalizasiya xidmətləri ilə yanaşı, əlavə olaraq həyətyanı təsərrüfatlarının və əkin sahələrinin suvarılması üçün 2012-ci ildə 2117,7 min manat, 2013-cü ildə 1487,9 min manat vəsait ödənilib. Tarif (qiymət) Şurasının 31.01.2011-ci il tarixli 1 nömrəli qərarına əsasən əhali qrupu üçün müəyyən edilmiş tariflərə əhalinin (o cümlədən,məcburi köçkünlərin) yaşayış evlərində, binalarında, həmçinin bağ və həyətyanı sahələrdə istifadə edilmiş su istehlakına görə xidmət haqqı da daxil edilib. Başqa sözlə, məcburi köçkünlərin su təminatı üçün tariflə müəyyən olunmuş qaydada adambaşına su istehlakı normasına uyğun olaraq hesablanmış məbləğlərə onların məişət istehlakı ilə yanaşı, bağ və həyətyanı sahələrə görə istifadə etdikləri su həcmlərinə görə həmin tariflə hesablanmış məbləğlər də daxildir. Məcburi köçkünlərin əkin sahələrinin suvarılması isə onlara qanunvericilikdə müəyyən edilmiş büdcə vəsaitləri hesabına güzəştlə ödənilən xidmət növlər sırasında nəzərdə tutulmayıb. Bundan əlavə, “Meliorasiya və irriqasiya haqqında” qanunun 13-cü maddəsinə əsasən əkin sahələrinin suvarma suyu ilə təchiz edilməsi Meliorasyia və Su Təsərrüfatı SC-nin səlahiyyətlərinə aid edilib. Sudan pullu istifadə qaydaları Nazirlər Kabinetinin 18.03.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilir. Tarif (qiymət) Şurasının 12.04.2006-cı il tarixli 6 nömrəli qərarına əsasən 1000 m3 suvarma suyu üçün 0,5 manat təsdiq edilib ki, bu da “Azərsu” ASC tərəfindən təmin olunan su xidmətinə görə xidmət haqqı ilə müqayisədə 600 dəfə azdır. Həmin tariflərlə hesablama əkin sahələrinin suvarılması xərclərində 2012-ci ildə 2114,2 min manat, 2013-cü ildə isə 1485,4 min manat və ya 1 ildə orta hesabla 1800,0 min manat vəsaitə qənaət edilməsinin mümkün olduğunu deməyə əsas verir. Aparılmış həmin nəzarət tədbirinin nəticələri ilə əlaqədar Komitənin Palataya cavab məktubunda əkin sahələrinin suvarılması üçün büdcə vəsaitlərinin xərclənməsinin məcburi köçkünlərin məşğulluq problemlərinin qismən həllinə nail olunması məqsədi ilə həyata keçirildiyi bildirilib.

Qanunvericilikdə nəzərdə tutulmadığı halda məcburi köçkünlərin istifadəsində olan əkin sahələrinin suvarılmasının dövlət hesabına ödənilməsi, həmçinin mümkün olduğu halda suyun dəyərinin daha aşağı tariflə ödənilməməsi bu istiqamətdə büdcə vəsaitlərinin daha qənaətli sərfinə ehtiyac olduğunu göstərir. Qeyd olunanları nəzərə alaraq, Hesablama Palatası dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi baxımından növbəti illərdə dövlət büdcəsində məcburi köçkünlərin istifadəsində olan əkin sahələrinin suvarılması üçün vəsaitlərin nəzərdə tutulmamasını və ya həmin xidmət üçün xidmət haqqının suvarma suyuna görə yuxarıda qeyd olunmuş tariflərlə hesablanmasını təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR