Ziya Məmmədov: "Regionda daha effektiv nəqliyyat əlaqələrinin yaradılmasını təmin edəcəyik"

Ziya Məmmədov: "Regionda daha effektiv nəqliyyat əlaqələrinin yaradılmasını təmin edəcəyik"
# 18 mart 2016 13:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Bakı-Tbilisi-Qars dəmir yolu xətti və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC gələcəkdə yüklərin Çin, Mərkəzi Asiyadan Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait yaradacaq".

"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat naziri Ziya Məmmədov "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin yaradılmasının 1 illiyinə həsr olunmuş hesabat xarakterli tədbirdə çıxışı zamanı bildirib.

"Artıq Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə blok konteyner qatarlarının hərəkəti təşkil olunub. Bu marşruta yük axınlarının cəlb edilməsi məqsədilə daşımalara və tranzit keçid haqlarına əlavə güzəştlər tətbiq edilib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolu daşımalarının təmin edilməsi istiqamətində də işlər davam etdirilir. Azərbaycan və İran dəmir yolu xətlərinin birləşdirilməsi üçün çatışmayan seqmentlərin tikintisi barədə müvafiq sazişlər imzalanıb. Bu işlərin tamamlanmasından sonra qatarların Hind okeanı hövzəsindən birbaşa Şimali Avropaya, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyə ərazisindən keçməklə, Şərqi və Mərkəzi Avropaya, eləcə də yeni liman üzərindən bərə keçid vasitəsilə Mərkəzi Asiyaya hərəkəti mümkün olacaq", - deyə nazir bildirib.

Z. Məmmədov əlavə edib ki, Azərbaycanda müasir avtomobil yollarının yaradılması ilə bağlı irimiqyaslı layihələrin icrası davam etdirilir: "Magistral avtomobil yolları, I texniki dərəcə səviyyəsində yenidən qurulur. TRASECA nəqliyyat dəhlizi üzərində yerləşən 511 kilometrlik avtomobil yolu seqmentinin 380 kilometri 4 zolağadək genişləndirilib".

O qeyd edib ki, bu layihələr "İpək yolu"nun canlanmasına, regionda daha effektiv nəqliyyat əlaqələrinin yaradılmasını təmin edəcək, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımaların artırılmasına şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR