Polad Bülbüloğlu Azərbaycanın Sankt-Peterburqda təyin olunmuş yeni baş konsulunu qubernatora təqdim edib

Polad Bülbüloğlu Azərbaycanın Sankt-Peterburqda təyin olunmuş yeni baş konsulunu qubernatora təqdim edib
# 21 may 2016 10:41 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko ilə görüşüb.

APA-nın Rusiya bürosunun məlumatına görə, görüş zamanı səfir Polad Bülbüloğlu Azərbaycanın Sankt-Peterburq şəhərində yeni təyin olunmuş baş konsulu Sultan Qasımovu qubernatora təqdim edib.

Görüşdə, həmçinin Azərbaycanla Sankt-Peterburq arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müzakirə olunub, turizm, mədəniyyət, humanitar, kənd təssərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. Söhbət əsnasında Sankt-Peterburqda tikilməsi planlaşdırılan loqistika mərkəzinin verəcəyi töhfə önə çəkilib.

Bundan əlavə, 2016-cı ilin 16-18 iyun tarixlərində Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan Peterburq Beynəlxalq İqtisadi Forumunda ölkəmizin nümayəndə heyətinin iştirakı, Azərbaycan Hökuməti ilə Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilmə tarixləri, mövcud olan müqavilələrə bir daha baxılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Baş konsulluğun işinin daha da canlandırılması və bunun üçün şəhər administrasiyası ilə daha yaxından əməkdaşlığın zəruriliyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR