Azərbaycan Milli Ensiklopediyasının 50 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Ensiklopediyasının 50 illiyinə həsr olunmuş tədbir keçirilib
# 08 iyun 2016 10:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaranmasının 50 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

APA-nın xəbərinə görə, tədbir AMEA, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan mədəniyyətinin formalaşmasında milli ensiklopediyanın rolu haqda danışıb. Akademik əlavə edib ki, Azərbaycan Milli Ensiklopediyasının maddi-texniki bazası güclənib: “Bu gün Azərbaycan Milli Ensiklopediyası zəngin tarixi ənənələrə əsaslanaraq öz fəaliyyətini uğurla davam etdirir. 2004-cü ildə prezident İlham Əliyev “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması və ensiklopediyanın nəşri ilə bağlı sərəncamlar imzaladı. Bu sərəncamlar Azərbaycan Milli Ensiklopediyasının tarixində dönüş nöqtəsi olub”.

Elmi Mərkəzin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev “Ensiklopediya və maarifçilik” mövzusunda məruzə ilə çıxış edib. T. Nağıyev qeyd edib ki, Azərbaycanda müasir ensiklopediya işinin əsası 1965-ci ildə qoyulub: “1965-ci il 30 dekabrda Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyası yaradılıb, Xalq şairi Rəsul Rza baş redaktor təyin edilib”.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından Azərbaycan Milli Ensiklopediyası böyük rol oynamalıdır.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ensiklopediya özündə maarifçilik ənənələrini daşıyır: “Ensiklopediyanın nəşrləri dövlət hesabına bütün təhsil müəssisələrinə paylanılıb. Lakin indiki zamanda ensiklopediyanın digər dillərə tərcümə edilməsi zərurəti yaranıb”.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və başqaları çıxış ediblər.

Tədbirdə Elmi Mərkəzin bir qrup əməkdaşına AMEA-nın Fəxri fərmanları təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR