Koreyada Azərbaycanın multikulturalizm dəyərləri təbliğ edilib

Koreyada Azərbaycanın multikulturalizm dəyərləri təbliğ edilib
# 17 iyun 2016 11:02 (UTC +04:00)

Bakı – APA. Koreyanın Cecu Milli Universitetinin təşkil etdiyi “Cecunun dəyərləri və gələcəyinin müəyyənləşdirilməsi” adlı tədbirdə Azərbaycanın multikulturalizm dəyərləri müzakirə edilib.

Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Cecu vilayətinin qubernatoru Von Hye-ryonqun iştirak etdiyi tədbirdə ölkəmizin Koreyadakı səfiri Rəmzi Teymurov çıxış edərək, Azərbaycanda multikulturalizm ənənələri və tarixi barədə tədbir iştirakçılarına geniş məlumat verib.

O, multikulturalizm dəyərlərinin Azərbaycan xalqı üçün həyat tərzi olduğunu və Azərbaycanda dini və milli zəmində ayrı-seçkilik hallarına rast gəlinmədiyini vurğulayıb. Səfir Azərbaycan əhalisinin böyük əksəriyyətinin İslam dininə mənsub olmasına baxmayaraq, ölkədə məscidlərlə yanaşı kilsə, sinaqoq və digər ibadətgahların azad şəkildə fəaliyyət göstərdiyini, onların əksər hissəsinin Azərbaycan dövlətinin maliyyəsi hesabına tikildiyini və ya bərpa edildiyini qeyd edib. O, həmçinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, paytaxt Bakı şəhərində erməni kilsəsinə toxunulmadığını və hətta kilsənin təmirinə dövlət tərəfindən vəsait ayrıldığını diqqətə çatdırıb, yalnız bu faktın özünün Azərbaycanda dini tolerantlığın səviyyəsini nümayiş etdirdiyini bildirib.

Səfir Azərbaycan prezidenti tərəfindən 2016-ci ilin Azərbaycanda Multikulturalizm ili elan edildiyini, Azərbaycanda multikulturalizm dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliğ olunması məqsədilə xüsusi dövlət institutunun (Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə dövlət müşaviri) təsis edildiyini diqqətə çatdırıb. O, bütün bu addımların multikulturalizm dəyərlərinin qorunmasına göstərilən dövlət qayğısının göstəriciləri olduğunu vurğulayıb.

R. Teymurov Azərbaycanın multikulturalizm sahəsində təcrübəsini beynəlxalq ictimaiyyət, o cümlədən Koreya Respublikası ilə bölüşməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR