Abşeron yarımadasındakı sürüşmə sahələrinin xəritəsi təsdiqlənib

Abşeron yarımadasındakı sürüşmə sahələrinin xəritəsi təsdiqlənib
# 30 mart 2016 10:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Abşeron yarımadasında ekzogen-geoloji (sürüşmə) proseslərə məruz qalmış və bu proseslərə meylli 12 sahənin xəritəsi işlənib hazırlanıb”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, Bayıl sürüşmə sahəsi, Park sürüşmə sahəsi (Mərkəzi Klinik Xəstəxananın aşağı hissəsi), Teleqüllə sürüşmə sahəsi, Badamdar sürüşmə sahəsi, N. Nərimanov sürüşmə sahəsi (Y. Dağlı küçəsinin aşağı hissəsi), Masazır sürüşmə sahəsi, Əhmədli-1 sürüşmə sahəsi, Əhmədli-2 sürüşmə sahəsi, Əhmədli-Günəşli arası sürüşmə sahəsi, Zığ-1 sürüşmə sahəsi, Zığ-2 sürüşmə sahəsi və Qaraçuxur sürüşmə sahəsi xəritələrdə əksini tapıb.

Ə. Qaralov qeyd edib ki, Abşeron yarımadasında sürüşməyə məruz qalmış 12 sahənin xəritəsi təsdiqlənib.

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında qərar verib. Qərara əsasən ETSN tərəfindən aparılan tədqiqatlar nəticəsində müəyyən edilən torpaq sürüşməsi təhlükəsi olan sahələrin coğrafi koordinatları əks olunan xəritələr kağız və elektron variantda təsdiq ediləcək. Torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq, həmin təsdiq edilmiş xəritələrdə göstərilən torpaq sürüşməsi təhlükəsi olan sahələrdə sürüşməyə qarşı tədbirlər istisna olmaqla, tikinti işlərinin aparılması qadağandır. Bu qərarın icrasına nəzarət Fövqəladə Hallar Nazirliyinə və ETSN-ə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR