Azərbaycanda Həcc ziyarətinə getmək üçün ziyarət haqqı bu il nağd şəkildə QMİ-yə ödəniləcək

Azərbaycanda Həcc ziyarətinə getmək üçün ziyarət haqqı bu il nağd şəkildə QMİ-yə ödəniləcək
# 24 iyun 2016 10:19 (UTC +04:00)

QMİ-dən APA-ya verilən məlumata görə, ödənişlər bir başa şöbəyə ediləcək və əvəzində zəvvarlara yalnız idarəyə məxsus çek veriləcək.

Heç bir bank qəbzi və yaxud bank sənədi tələb olunmayacaq.

Xatırladaq ki, ötən ilə qədər zəvvarların xidmət haqqı zəvvarın özü, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən QMİ-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Mərkəz” filialındakı (Ünvan: AZ1005, Bakı, Səbail, Hacı Zeynalabdin Tağıyev 3) hesabına ödənilirdi.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Son qərara əsasən, azərbaycanlı zəvvarlara yalnız Ramazan bayramından sonra vizaların verilməsi mümkün olacaq. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR