Bakı. Türbət Bağırova - APA. Azərbaycanın Küveyt dövlətinə təyin olunmuş yeni səfiri Elxan Qəhrəman etimadnaməsinin surətini Küveyt dövlətinin baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabaha təqdim edib.
Azərbaycanın Küveytdəki səfirliyindən APA-ya verilən məlumata görə, görüş əsnasında səfir Elxan Qəhrəman ikitərəfli münasibətlərin yüksək səviyyəsindən söhbət açıb, Azərbaycan Respublikası rəhbərliyinin Küveytlə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb və prezident İlham Əliyevin Küveytə rəsmi səfərini xatırladaraq, bu cür yüksək səviyyəli səfərlərin iki ölkə arasındakı səmimi, qarşılıqlı faydalı münasibətlərin inkişafına güclü təkan verdiyini deyib. O, Küveytin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirib, iki ölkə arasında mövcud sıx əlaqələrin daha da inkişaf etməsi və genişlənməsi üçün var qüvvəsini sərf edəcəyini söyləyib.
Küveyt baş nazirinin birinci müavini, xarici işlər naziri Küveyt rəhbərliyi və xalqının Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq, Azərbaycan prezidenti İlham Əliyevin Küveytə səfərinin iki dost ölkə arasında əlaqələrin inkişafında mühüm rolunu qeyd edib.