Ukraynalı aktyor: “Bakı mənim ürəyimdədir” - MÜSAHİBƏ

Ukraynalı aktyor: “Bakı mənim ürəyimdədir” - <span style="color: red;">MÜSAHİBƏ
# 23 noyabr 2017 13:22 (UTC +04:00)

Əslən Bakıdan olan Ukraynanın tanınmış teatr və kino aktyoru Oleq Savkinin APA-ya müsahibəsi

- Siz Bakıda anadan olub, boya-başa çatmısınız. Doğma şəhərlə bağlı hansı xatirələriniz var?

- Mənim üçün Bakı vətəndir. Mənim atam Bakıda anadan olub. O, hərbçi idi. Atam bakılı idi və mən də bakılıyam. Mən Bakıda köhnə şəhərə yaxın yerləşən o vaxtkı Şırşov küçəsində anadan olmuşam, böyümüşəm. İndi bu küçənin necə adlandığını bilmirəm. Uşaqlığım və gəncliyim Bakıda keçib. Məktəbi Ukraynada bitirmişəm. Hər yayı Bakıda nənəmlə birgə keçirirdim. O zamankı M.Əzizbəyov adına AZİ-yə daxil olsam da, sonra başa düşdüm ki, bu, istədiyim deyil. Bakıda mənim atam, nənəm dəfn olunub. Yəni, mənim bir hissəm Bakıdadır. Bakı ilə həyatımın ən işıqlı xatirələri bağlıdır. Bakını hədsiz sevirəm və hər zaman bu şəhər üçün darıxıram. Bakıya qayıtmağı çox istəyirəm. Heç olmasa, doğma küçələrdə bir az addımlamağı arzulayıram.

- Sonuncu dəfə Bakıda nə vaxt olmusunuz?

- 2007-ci ildə. Həyatının son günlərinə qədər Bakıda yaşayan nənəm 2011-ci ildə vəfat etdi. Əvvəllər Bakıya evim kimi gedirdim. Nənəmin vəfatından sonra təəssüflər olsun ki, Bakı ilə əlaqələrim kəsildi.

- Bakıya səfər etməyə hazırlaşırsınız?

- Böyük məmnuniyyətlə. Bu, mənim üçün hər zaman prioritetdir. Ola bilsin ki, özüm gedəcəyəm. Yaxud da birgə layihə olsa və məni dəvət etsələr, böyük həvəslə Bakıya gedərəm.

- Yaradıcılığınızda Azərbaycanla bağlı hər hansı layihə olubmu?

- Təəssüflər olsun ki, olmayıb. Başa düşürəm ki, azərbaycanlı rejissorlar üçün əsas prioritet yerli aktyorlardır. Ola bilsin ki, onların fərqli tipajlara ehtiyacı yoxdur. Mənim tipajım başqadır. Amma əgər azərbaycanlı rejissorlar məni dəvət etməyi lazım bilsələr, o zaman Azərbaycan incəsənətinə töhfə vermək mənim üçün fəxr olacaq. Mən təkliflərə açıq adamam, böyük məmnuniyyətlə Bakıya gedərəm. Ümid edirəm ki, şəhər əsaslı dəyişməyib və mən orada azmaram.

- Sizdə Bakı ilə bağlı əşyalar qalıbmı?

- Sözsüz, belə əşyalar var. Bu vaxta qədər məndə “Bakı” yazısı olan köhnə qab suvenirlər qalıb. Bakı ilə bağlı ən əsas guşə mənim ürəyimdədir. İlk dediyim söz “mən bakılıyam” sözüdür. Pasportumda bakılı olduğum yazılıb. Rus olsam da, mən bakılıyam!

- Azərbaycan dilini bilirsiz?

- Təəssüf ki, xeyr. Bu dildə uzun müddət ünsiyyətim olmayıb və mən yadımda saxladığım sözləri deyib, onları təhrif etmək istəmirəm. Mənim Azərbaycan dövlət televiziyasına baxmaq imkanım var. Vaxtım olanda, AzTV-yə həvəslə baxıram və dinləyirəm.

- Azərbaycan aktyorları arasında kumirləriniz olubmu?

- O vaxt mən azərbaycanlı aktyorları çox da yaxşı tanımırdım. Lakin mənim atam məktəbdə Müslim Maqomayevlə bir yerdə təhsil alıb. Mənim üçün Maqomayev kişi və artist etalonudur. Mən Müslim Maqomayev kimi əsl azərbaycanlılarla fəxr edirəm. O, yalnız Azərbaycana məxsus deyil, dünya miqyaslı böyük ulduzdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR