Sədr: "Hesablama Palatası haqqında" yeni qanun layihəsi beynəlxalq standartlar nəzərə alınmaqla hazırlanıb"

Sədr: "Hesablama Palatası haqqında" yeni qanun layihəsi beynəlxalq standartlar nəzərə alınmaqla hazırlanıb"
# 11 may 2018 09:32 (UTC +04:00)

"Hesablama Palatası haqqında" yeni qanun layihəsi beynəlxalq standartlar nəzərə alınmaqla hazırlanıb".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Hesablama Palatası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, ötən beş ay ərzində qanun layihəsinə 30-dan çox maddə üzrə həm texniki, həm də mahiyyəti üzrə dəyişikliklər edilib. "Eyni zamanda dəyişikliklər həm kəmiyyət, həm keyfiyyət baxımdan aparılıb. Bütün bu dəyişikliklər qanunda müsbət cəhətdən öz təsirini göstərəcək. Qanun layihəsi hazırlanarkən həm ölkədaxili qanunvericilik aktları, həm də xarici beynəlxalq standartları nəzərə almaqla həyata keçirilib," - deyə V. Gülməmmədov qeyd edib.

V. Gülməmmədov əlavə edib ki, dəyişikliklər əsasən müəssisə və funksiyalarla, korrupsiyaya qarşı mübarizə ilə bağlı aparılan tədbirlərlə əlaqəli olub.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə yeni qanun layihəsində Palatanın dövlət büdcəsindən əlavə digər mənbələrdən maliyyələşməsi məsələsinə iradını bildirib. "Hesablama Palatasının qanunla nəzərdə tutulmayan digər mənbələr hesabına maliyyələşməsi məsələsi bir qədər mübahisəlidir. Əgər Palata Milli Məclisə tabe olan qurum kimi fəaliyyət göstərirsə, dövlət büdcəsindən maliyyələşməlidir," - deyə Z.Səmədzadə qeyd edib.

Millət vəkili Əli Məsimli bildirib ki, belə bir qanun layihəsinin hazırlanması xüsusi əhəmiyyətə malikdir: "Hesablama Palatası Milli Məclislə bağlı olan qurum olduğundan dövlət vəsaitinə nəzarətin səmərəli istifadəsi istiqamətində çatışmazlıqların aradan qaldırılması üçün beynəlxalq auditin üstünlüklərindən istifadə edərək nəzarəti həyata keçirir. Yeni qanun layihəsini həm mükəmməlliyinə, həm də müasirliyinə görə müsbət qiymətləndirirəm".

Millət vəkili Vahid Əhmədov da qanun layihəsini müsbət qiymətləndirərək Hesablama Palatasının dövlət büdcəsindən oğurlanan vəsaitin geri qaytarılması istiqamətində ciddi işlər aparmasının vacib olduğunu vurğulayıb.

Qanun layihəsi səsə qoyularaq Milli Məclisin plrenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR