Yığmamızın baş məşqçisi: “Kamran Ağayev milliyə çağırılmayacaq”

Yığmamızın baş məşqçisi: “Kamran Ağayev milliyə çağırılmayacaq”
# 12 aprel 2017 12:31 (UTC +04:00)

“Üzdə olan bütün futbolçuları ilkin heyətə dəvət etmişik. Yekun seçim də elə onlar arasında aparılacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında U-23 yığmamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.

Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları zamanı ölkəmizi təmsil edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının ilkin heyətində 37 futbolçunun adı yer alıb.

Bununla bağlı danışan Vahabzadə milliyə əlavə kimisə çağırmaq fikrinin olmadığını bildirib: “Çempionat davam edir, oyunlar keçirilir. Heç bir futbolçu zədədən sığortalanmayıb. Amma yəqin ki, çağırdıqlarımın hamısı zədələnməz və ya xəstələnməz (gülür). Əgər işlər planlaşdırdığımız kimi getsə, əlavə kimisi çağırmaq fikrimiz yoxdu”.

Baş məşqçi əsas millinin qapıçısı Kamran Ağayevin İslam Həmrəyliyi Oyunlarında iştirak etməyəcəyini vurğulayıb: “Hazırkı vəziyyətə görə onu deyə bilərəm ki, Kamran Ağayev milliyə çağırılmayacaq. Heyətə 23 yaşdan yuxarı 5 futbolçu çağırmışıq. Təcrübəli futbolçuların seçimini də onların arasında aparıb, 3-nü saxlayacağıq. Yarımmüdafiə xəttində təcrübəli oyunçuların olması yaxşı haldı”.

Aprelin 25-dən sonra yekun siyahını açıqlayacaq Yaşar Vahabzadə mayın ilk günündən təlim-məşq toplanışına başlayacaqlarını sözlərinə əlavə edib: “Hələlik yoxlama görüşü planlaşdırmırıq. Çünki həmin vaxt komandaların razılığını almaq müşkül məsələdi. Bizim əsas problemimiz isə ondan ibarətdi ki, mayın 5-də Azərbaycan kubokunun finalı keçiriləcək. Çağırdığımız futbolçuların bir çoxu da Naxçıvandakı matçda iştirak edəcək. Bu səbəbdən “Qarabağ” və “Qəbələ”nin üzvləri kollektivə mayın 7-də qoşulacaqlar”.

Baş məşqçi sonda bildirib ki, komandanın əsas hədəfi qrupdan çıxmaq olacaq.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də keçiriləcək. Lakin futbol yarışları mayın 8-də start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR