Bu ilin sonunda Azərbaycan və İraq hökumətləri arasında birgə komissiyanın II iclası keçiriləcək

Bu ilin sonunda Azərbaycan və İraq hökumətləri arasında birgə komissiyanın II iclası keçiriləcək
# 12 avqust 2015 08:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İraq səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə görüşüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ölkələr arasında münasibətlərin dinamik inkişafına toxunan Azərbaycan və İraq Hökumətlərarası Birgə Komissiyanın sədri, nazir Əli Abbasov ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində iqtisadi, elmi, texniki və mədəni sahələr kimi rabitə və yüksək texnologiyalar istiqamətinin də prioritet əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Nazir ölkələrimiz arasında bu sahədə yaranan əlaqələrin hazırda yeni müstəviyə qədəm qoyduğunu, aparılan danışıqların məntiqi nəticəsi olaraq, tərəflər arasında yeni əməkdaşlıq istiqamətləri üzrə imkanların daha da gücləndirilməsinə qarşılıqlı marağın olduğunu və Azərbaycanın bu istiqamətdə İraqla öz təcrübəsini paylaşmağa hazır olduğunu vurğulayıb.

Tərəflər arasında bütün sahələrdə yaxın dostluq münasibətlərinin formalaşdığını qeyd edən səfir Heydər Şiyə hər iki ölkənin tarixi köklərində ümumi cəhətlərin olduğunu bildirib. Nazir Əli Abbasovun həmsədrliyi ilə Bakıda keçirilən Azərbaycan və İraq hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın ilk iclasının uğurlu nəticələrindən də söz açan diplomat bu görüşün Azərbaycanla İraq arasında gələcək münasibətlərin inkişafına təkan verdiyini qeyd edib.

Görüşdə Azərbaycan və İraq hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın II iclasının cari ilin sonunadək Bağdad şəhərində keçirilməsi müzakirə edilib, həmçinin yeni əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR