Cəmil Məlikov: "Azərbaycanda alternativ enerjinin ümumi enerji istehsalındakı payımı 15%-ə çatdırmaq mümkün olacaq"

Cəmil Məlikov: "Azərbaycanda alternativ enerjinin ümumi enerji istehsalındakı payımı 15%-ə çatdırmaq mümkün olacaq"
# 18 iyul 2018 15:21 (UTC +04:00)

"Bu gün Azərbaycanda alternativ və bərpa olunan enerjinin ümumi enerji istehsalındakı payı 9,5% təşkil edir".

APA-Economics”in məlumatına görə, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya işgüzar görüşünün dəyirmi masasında bildirib. Onun sözlərinə görə, ölkədə bərpa olunan enerji istehsalı əsasən hidroenergetikanın payına düşür.

Sədr müavini dövlətin alternativ və bərpa olunan enerji sahəsinə böyük diqqət göstərdiyini, bununla bağlı müxtəlif dövlət proqramlarının hazırlandığı və icra olunduğunu xatırladıb. O qeyd edib ki, bu gün ölkədə investor və iş adamları bərpa olunan enerji mənbələrinə yatırdıqları investisiyaları artırsalar və dövlət proqramları icra edilsə, bu rəqəmi bir neçə ildən sonra 15%-ə çatdırmaq mümkün olacaq.

C. Məlikov deyib ki, Azərbaycanın 350 MVt külək, 50 MVt günəş enerjisi potensialı mövcuddur: “Bir neçə ildən sonra ölkədə bioenerjinin həcmini də 20 MVt-a çatdırmaq mümkün olacaq".

O qeyd edib ki, ölkədə alternativ və bərpa olunan enerji sahəsinin inkişafı yerli istehsalı artıracaq, yeni iş yerlərinin yaradılmasını, həmçinin Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafını təmin edəcək.

C. Məlikov xatırladıb ki, Azərbaycanda alternativ enerji sahələrindəki layihələrdə iştirak edəcək şirkətlər 7 il müddətinə vergilərdən azad olunacaq və bu şirkətlər avadanlıqların gətirilməsi zamanı bir çox rüsumlardan azad ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR