Bakı və Cibuti arasında yükdaşıma reysi açılır

Bakı və Cibuti arasında yükdaşıma reysi açılır
# 01 dekabr 2016 09:40 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov 2016-cı ilin 29-30 noyabr tarixlərində Cibuti Respublikasında işgüzar səfərdə olub.

AZAL-ın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, səfər çərçivəsində C. Əsgərov Cibutinin bir sıra yüksək səviyyəli rəsmi şəxsləri ilə görüş keçirib.

Cibutinin prezidenti İsmail Ömər Qelle ilə görüşən AZAL-ın prezidenti rəhbərlik etdiyi şirkət barəsində ətraflı məlumat verib. Eyni zamanda, C. Əsgərov ölkələr arasında əməkdaşlıq üçün güclü potensialın mövcudluğunu vurğulayaraq, gələcəkdə Azərbaycan-Cibuti münasibətlərinin daha da inkişaf edəcəyini bildirib.

Öz növbəsində Cibutinin prezidenti ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Ölkə başçısı Cibutinin daim qardaş Azərbaycanı hər bir sahədə dəstəklədiyini bildirib.

Daha sonra C. Əsgərov Cibuti Ticarət Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkr Ömər Hadi ilə görüşüb.

Görüş zamanı yeni Cibuti beynəlxalq hava limanı layihəsinin təqdimatı baş tutub və Azərbaycan şirkətlərinin buradakı inşaat işlərində iştirak imkanları müzakirə olunub.

Bundan əlavə, AZAL ilə Cibuti aviaşirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

C. Əsgərovun Cibutiyə səfəri zamanı həmçinin Bakı - Cibuti arasında yükdaşımalar üzrə reysin açılması və eyni zamanda Azərbaycan-Cibuti müştərək yükdaşımalar şirkətinin yaradılması barədə razılıq əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR