BDU-da akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

BDU-da akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 20 sentyabr 2017 11:23 (UTC +04:00)

Bu gün Bakı Dövlət Universitetində (BDU) tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, BDU-nun Analitik kimya kafedrasının professoru, əməkdar elm xadimi Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdən əvvəl Fəxri xiyabanda R. Əliyevanın məzarı ziyarət edilib.

Daha sonra R. Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi BDU-nun Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında onun xatirəsinə ucaldılmış barelyefin açılışı olub.

BDU-da davam edən tədbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov R. Əliyeva ilə bağlı xatirələrini bölüşüb.

Rektor bildirib ki, R. Əliyevanın adına təqaüd elan edilib, onun yaradıcılığı ilə bağlı noyabrda beynəlxalq konfrans keçiriləcək: "Dünyanın ən tanınmış alimləri bu konfransa dəvət olunub. Rəfiqə xanımın ömrünün böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. Yüksək mənəvi keyfiyyətlərə malik olan akademik Rəfiqə xanım çox təvazökar insan idi".

A. Məhərrəmov qeyd edib ki, 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan R. Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub, onun rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilib: "Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlmişdi. Bu tədqiqatları inkişaf etdirmək üçün o, universitetdə böyük əzmkarlıq və gərgin zəhmət hesabına yeni, müasir elm mərkəzi - Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasını yaradıb. Bir sözlə, Rəfiqə xanım mənalı və məzmunlu ömür yolu sürüb".

AMEA-nın prezidenti, akademik Akif Əlizadə isə deyib ki, R. Əliyeva kimyada analitik istiqaməti seçən yeganə qadın alim olub: "Rəfiqə xanım böyük alim olmaqla yanaşı, böyük pedaqoq, böyük müəllim idi. Rəfiqə xanım polimerlər kimyasına öz töhfəsini verib, bu sahədə tədqiqatlar aparıb. Ümumiyyətlə, Rəfiqə xanımın təmsil olunduğu ailə Azərbaycan elminə böyük töhfələr verib".

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda kimya elminin inkişafında akademik R. Əliyevanın müstəsna xidmətləri olub: "Rəfiqə Əliyeva böyük alim olmaqla bərabər, nümunəvi pedaqoq, qayğıkeş alim idi. Akademik Rəfiqə Əliyeva ABŞ, Türkiyə, Yaponiya, Türkiyə, Avstraliyada keçirilən beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan elmini ləyaqətlə təmsil edib".

Nazir qeyd edib ki, R. Əliyeva Azərbaycanın ictimai - siyasi həyatında da fəal rol oynayıb.

BDU-nun kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov "Akademik Rəfiqə Əliyevanın elmi - pedaqoji fəaliyyəti" adlı məruzə ilə çıxış edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova şərəfli həyat yaşayan R. Əliyevanın Azərbaycan qadını üçün parlaq örnək olduğunu diqqətə çatdırıb.

Tədbir çıxışlarla davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR