BƏƏ-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib

BƏƏ-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib
# 29 dekabr 2016 08:44 (UTC +04:00)

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin, Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın BƏƏ-dəki Baş konsulluğundan APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov ölkəmizin yeni tarixinə xalqımızın milli-mənəvi bütövlük arzusunun təcəssümü kimi daxil olmuş 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik gününü, bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın dil, əqidə və əməl birliyinin yaradılmasını ümummilli vəzifə adlandırıb.

Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki Baş konsulu Pərviz İsmayılzadə isə Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış gününün ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoyduğunu, məhz Heydər Əliyevin təşəbbüsü, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildiyini diqqətə çatdırıb. Baş konsul 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının birinci qurultayının milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri olduğunu bildirib. Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən qurultay keçirildiyini vurğulayan baş konsul dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlilərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaradıldığını bildirib. Baş konsulun dövlət müstəqilliyimizlə yaşıd olan bu prosesin xalqımızın tarixi müqəddəratında köklü dəyişikliklərin baş verdiyi bir dövrdə vüsət alması, müstəqilliyinin ilk illərində ağır sınaqlara çəkilən, gərgin və çıxılmaz vəziyyətlərə düşən Azərbaycanın bir əsrdə ikinci dəfə qismətinə düşən istiqlaliyyətini Heydər Əliyevin müstəsna xidmətləri sayəsində qoruyub saxlaya bilməsi, Azərbaycanın uçurumun bir addımlığından geri dönərək onu hədələyən bütün təhlükələrə sinə gərdiyi, cəmiyyət həyatında sabitliyə nail olaraq ardıcıl inkişaf yoluna çıxması haqqında fikirləri maraqla qarşılanıb. P. İsmayılzadə Heydər Əliyev yolunu yaradıcı surətdə davam etdirən prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrildiyini xüsusi vurğulayıb.

Tədbirin sonunda səfir və baş konsul tədbir iştirakçılarını Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə ürəkdən təbrik edib, hər birinə möhkəm can sağlığı, ailə səadəti, iş həyatlarında yeni-yeni uğurlar arzulayıblar.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra "Qarabağ inciləri" adlı azərbaycanlı uşaqlardan ibarət rəqs qrupu milli musiqilər altında rəqs ediblər. Tədbirin sonunda qonaqlar üçün milli mətbəxin nümunələrindən ibarət ləziz təamlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR