Karapetyan: “Ermənistan Gürcüstan vasitəsilə tranzitin stabil olmasını istəyir”

Karapetyan: “Ermənistan Gürcüstan vasitəsilə tranzitin stabil olmasını istəyir”
# 25 yanvar 2018 07:23 (UTC +04:00)

“Ermənistan Gürcüstan vasitəsilə yolun və tranzitin stabil olmasını istəyir”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Ermənistanın baş naziri Karen Karapetyan Davosda Gürcüstan jurnalistlərinə açıqlamasında deyib. O bildirib ki, Ermənistan iqtisadiyyatı Gürcüstan vasitəsilə yük daşınmalarından çox asılıdır: “Təbii olaraq biz qonşularımız və dostlarımızdan yüklərin çatdırılmasında hava və ya digər səbəblərə görə olan gecikmələrin aradan qaldırılmasının mümkünlüyünü müzakirə etməyi xahiş edirik. Məsələn, 2016-cı ilin dekabrında biz yükləri yarım ay qəbul edə bilmədik. Buna görə xahiş etdik ki, dünyaya çıxışımız üçün digər alternativlər axtarmağa ehtiyacımız olmasın. Bu, həm Ermənistan, həm də Gürcüstanın maraqlarına cavab verir”.

K. Karapetyan Gürcüstanın işğal altında olan Tsxinvali regionu vasitəsilə yüklərin daşınmasının mümkünlüyü barədə danışmaq istəməyib: “Bilmirəm bu, nə qədər mümkündür. Bizim xahişimiz yalnız alternativ yollar tapmaqdır”.


Qeyd edək ki, Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol Gürcüstan ərazisindən - Yuxarı Larsdan keçir. Bu yol qış aylarında kəskin hava şəraiti, güclü qar yağması və sürüşmələrə görə tez-tez bağlanır və Ermənistandan Rusiyaya gedən yüklər uzun müddət sərhəddə qalmalı olur. Ötən ilin dekabr ayında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili fors-major hallarda Tsxinvalidən keçən dəhlizdən Ermənistanın istifadə edə biləcəyi barədə bəyanatla çıxış edib. Baş nazirin bu bəyanatı bəzi yerli müxalifət partiyaları və ekspertlər tərəfindən kəskin etirazla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR